Modern.az

Müəllimin məktəbə “müştəri gözü” ilə baxması yolverilməzdir - Emin Əmrullayev

Müəllimin məktəbə “müştəri gözü” ilə baxması yolverilməzdir - Emin Əmrullayev

Təhsil

20 Noyabr 2025, 22:38

Müəllimlik böyük anlam və məsuliyyət daşıyan peşədir. Bəli, müəllim sertifikatlaşdırmada yüksək bal yığa bilər, fənnini dərindən bilə bilər, lakin bizim üçün ən vacib məsələ onun məktəbə və şagirdlərə olan münasibətidir.

 

Modern.az xəbər verir ki, bu fikirləri elm və təhsil naziri Emin Əmrullayev İTV-nin “Diqqət mərkəzi” proqramında səsləndirib. 

 

Nazir qeyd edib ki, müəllimin məktəbə “müştəri gözü” ilə baxması, şəxsi qazancını əsas hədəfə çevirməsi yolverilməzdir:

 

“Əgər müəllim düşünürsə ki, “mən altı sinfə dərs deyirəm, hər sinifdən 10-15 şagird mənə əlavə qazanc gətirə bilər”, bu adam müəllim deyil. Müəllim məktəbə gəlirsə, aldığı əməkhaqqının qarşılığını dərs otağında verməlidir. Boş vaxtında özəl sektorda işləmək istəyi isə hər kəsin təbii hüququdur”.

 

E.Əmrullayev vurğulayıb ki, müəllimlik peşəsi vicdan və münasibət üzərində qurulmalıdır:

 

“Biz heç vaxt demirik ki, müəllim mütləq 60 bal toplamalıdır və ya imtahanda yüksək nəticə göstərməyən müəllim, müəllim deyil. İnsan hər imtahanda eyni nəticə göstərə bilməz. Amma məktəb müəllimindən gözləntimiz odur ki, o, uşağa münasibətdə nümunə olsun”.

 

Nazirin sözlərinə görə, hazırda ölkədə şagirdini, məktəbini sevən, peşəsinə bağlı çoxlu fədakar müəllimlər var:

 

“Biz məhz bu cür müəllimləri tapmaq və onları məktəb mühitinə cəlb etmək istəyirik. Bu bizim üçün prioritet məsələdir”,- deyə o fikrini tamamlayıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya Bakıda milyardlarını itirir - Putinə ağır zərbə