Modern.az

İbtidai təhsil anlayışında “ibtidai” sözü köhnəlmiş termindir

İbtidai təhsil anlayışında “ibtidai” sözü köhnəlmiş termindir

Təhsil

20 Noyabr 2025, 23:45

İbtidai təhsil anlayışında “ibtidai” sözü artıq müəyyən qədər köhnəlmiş termindir. Bir çox ölkələrdə bu mərhələ baza təhsili və ya əsas təhsil kimi adlandırılır. 

 

Modern.az xəbər verir ki, bu fikirləri elm və təhsil naziri Emin Əmrullayev İTV-nin “Diqqət mərkəzi” proqramında səsləndirib.

 

Nazir vurğulayıb ki, dünyanın müxtəlif ölkələrində baza təhsilinin müddəti 6 il olduğu halda, Azərbaycanda bu mərhələ 4 il davam edir:

 

“Aparılan ölçmələr göstərir ki, son illərdə müəyyən irəliləyiş olsa da, hələ də ibtidai təhsilin sonunda uşaqların 40-50 faiziümumi təhsilin, yəni 5-6-cı siniflərin məzmununu qavramaq üçün kifayət qədər hazırlıqlı olmur. Bunun əsas səbəblərindən biri ibtidai sinif müəllimlərinin peşəkar hazırlıq prosesidir”.

 

E.Əmrullayev onu da əlavə edib ki, sertifikatlaşdırma nəticələri də bunu təsdiqləyib:

 

“Bu il üzrə ən zəif nəticələr məhz ibtidai sinif müəllimləri arasında müşahidə olundu. Bu, qismən onunla bağlıdır ki, ənənəvi olaraq ibtidai sinif müəllimləri arasında öz üzərində davamlı çalışan, peşəsini inkişaf etdirən müəllimlərin sayı nisbətən azdır. Halbuki ibtidai təhsil uşağın formalaşdığı ən həssas və mürəkkəb inkişaf dövrünü əhatə edir”.

 

Nazir həmçinin qeyd edib ki, bu yaş dövründə, 6, 7, 8 yaşlarda uşağın öyrənmə xüsusiyyətləri və psixoloji inkişafı birbaşa ibtidai sinif müəllimindən asılıdır:

 

“Ona görə də ibtidai sinif müəllimindən gözlənti, əslində, ali təhsildə dərs deyən müəllimdən daha çoxdur. Maraqlıdır ki, riyaziyyat, fizika, kimya kimi fənlər üzrə ali təhsil alan müəllimlər sertifikatlaşdırmada daha yüksək nəticə göstərirlər. Çünki həmin sahələrdə kollec təhsili ilə müəllim olmaq mümkün deyil, müəllimlər mütləq ali təhsillidirlər. Lakin ibtidai təhsil üzrə bitirənlərin bir hissəsi şagirdlərdə əsas anlayışları formalaşdırmaqda çətinlik çəkir”,- deyə o fikrini yekunlaşdırıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya Bakıda milyardlarını itirir - Putinə ağır zərbə