Modern.az

Repetitorluq yox olmayacaq! - İctimai Şura katibi

Repetitorluq yox olmayacaq! - İctimai Şura katibi

Təhsil

21 Noyabr 2025, 12:04

Elm və təhsil naziri Emin Əmrullayev repetitorluğun azaldılmasının birbaşa məqsəd olmadığını deyib, lakin tətbiq edilən yeni modelin dolayısı ilə belə bir nəticə verə biləcəyini istisna etməyib.

Nazir İTV-nin “Diqqət mərkəzi” proqramında bildirib ki, müəllimlərin əsas məsuliyyəti məktəbdə dərs dedikləri şagirdlərin nəticələri olmalıdır.

Onun sözlərinə görə, müəllimlərin bir neçə yerdə deyil, məhz məktəbdə səmərəli çalışması üçün şərait yaradılır.

Nazir onu da vurğulayıb ki, müəllimin dərs dediyi şagirdlərdən əlavə ödəniş alıb repetitorluq etməsi etik baxımdan yolverilməzdir.

Modern.az-a açıqlamasında Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın katibi Günay Əkbərova bildirib ki, nazirin “Diqqət mərkəzi”ndə səsləndirdiyi fikirlərin mahiyyəti əslində repetitorluğun sırf “azaldılması” deyil, məktəbin gücləndirilməsidir.

“O demək istəyirdi ki, şagird məktəbdə yetərincə dəstək alsa, təbii olaraq əlavə dərslərə ehtiyac azalacaq. Yəni burada günah müəllimdə yox, sistemdədir: böyük siniflər, kurikulumun yüklülüyü və imtahanların hələ də nəticəyönümlü xarakter daşıması uşaqları repetitorluğa yönəldir”.

Şura üzvü nəzərə çatdırıb ki, repetitorluğun tamamilə yox olması isə real görünmür.

“Dünyanın heç bir yerində belə bir model yoxdur. Finlandiyada təhsil çox güclü olduğuna görə repetitorluq zəifdir, amma var. Britaniyada repetitorluq məcburiyyət yox, inkişaf xidməti kimi qəbul olunur. Yaponiya və Cənubi Koreyada imtahan rəqabəti yüksək olduğu üçün repetitorluq geniş yayılıb. Yəni tendensiya budur: repetitorluq heç vaxt sıfırlanmır, sadəcə funksiyası dəyişir. Məcburiyyətdən çıxır, seçimə çevrilir”.

G.Əkbərova həmçinin mövzunun son vaxtlar gündəm olması məsələsinə də toxunub:

“Hazırda təhsil sistemi bir keçid mərhələsindədir. Belə ki, imtahan modelləri müzakirə olunur, məktəblərdə məsuliyyət bölgüsü dəyişir, yeni dərslik və təlim mexanizmləri hazırlanır, cəmiyyətin gözləntisi də fərqlənir. Valideynlər artıq yalnız bal yox, bacarıq və inkişaf istəyir. Digər tərəfdən, uşaqların çox yüklənməsi, demək olar ki, bütün boş vaxtlarının repetitor yanında keçməsi onların sosial və emosional inkişafına da təsir edir. Ona görə də təhsil mühiti daha balanslı hala gətirilir”.

Müsahibimiz hesab edir ki, repetitorluğun azalması yaxşı haldır:

“Bu, daha sağlam məktəb sisteminin göstəricisi ola bilər. Amma tamamilə yox olması mümkün deyil və buna ehtiyac da yoxdur. Sadəcə, repetitorluq məcburiyyət olmamalıdır. Məktəbdə fərdi yanaşma gücləndikcə, siniflərdə şagird sayı azaldıqca, qiymətləndirmə daha ədalətli və aydın olduqca, repetitorluq təbii şəkildə kütləvi zərurət olmadan, daha çox inkişaf məqsədli bir dəstəyə çevriləcək”,- deyə G.Əkbərova bildirib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya Bakıda milyardlarını itirir - Putinə ağır zərbə