Modern.az

Dərs vaxtı bu müəllimlərə məzuniyyət veriləcək

Dərs vaxtı bu müəllimlərə məzuniyyət veriləcək

Təhsil

10 Dekabr 2025, 15:04

Pedaqoji işçilərə əmək məzuniyyətinin verilməsi qaydasında dəyişiklik edilməsi nəzərdə tutulur. Belə ki, bu məsələ Milli Məclisin Regional məsələlər komitəsinin dekabrın 3-də keçirilən onlayn iclasında müzakirə olunan “Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanun layihəsində əksini tapıb.

Mövcud qanunvericiliyə əsasən, bilavasitə təlim-tədris prosesində iştirak edən pedaqoji işçilərə əmək məzuniyyəti işə qəbul olunduqları tarixdən asılı olmayaraq, bir qayda olaraq məktəblərdə yay tətili dövründə verilir.

Modern.az-a açıqlamasında Milli Məclisin Elm və Təhsil Komitəsinin üzvü Ceyhun Məmmədov qeyd edib ki, məsələyə birinci belə yanaşmaq lazımdır ki, bütün sahələrdə işçilərə onların işlədiyi müddət nəzərə alınaraq ilin müxtəlif vaxtlarında məzuniyyət verilir.

“Yalnız təhsil sahəsində biz bunu görmürük və buna görə də bu məsələnin hər kəs üçün nəzərə alınmasına ehtiyac var. Bu, əslində çox vacib və önəmli bir məsələdir. Müəllimlərin də hüquqları tam təmin olunmalı və bərqərar edilməlidir. Yəni, müəllimlər də ilin müxtəlif vaxtlarında məzuniyyətə çıxa biləcəklər”.

Deputat diqqətə çatdırıb ki, burada söhbət əsasən tam ştatla çalışan müəllimlərdən gedəcək:

“Hesab edirəm ki, prosesdən asılı olaraq bu qayda həm universitetlərdə, eləcə də məktəblərdə tətbiq oluna bilər. Zənnimcə, dərs mühitini və tədris şəraitini pozmadan belə bir addımın atılması mümkündür. Bu proses elə tənzimlənə bilər ki, kimin hansısa işi, fəaliyyəti, yaxud ailə ilə bağlı ehtiyacı yaranarsa, məzuniyyətə çıxması mümkün olsun”.

C.Məmmədov həmçinin vurğulayıb ki, bu səbəbdən narahatlığa heç bir əsas yoxdur və sözügedən məsələ praktik şəkildə həyata keçirilə bilər:

“Amma burada ən vacib məsələlərdən biri tədris prosesinin pozulmaması və buna şərait yaradılmamasıdır. Təbii ki, məktəblərimizdə və universitetlərimizdə kifayət qədər müəllim var və ehtiyac yaranarsa, bir müəllim digərini əvəz edə bilər. Sadəcə qeyd etdiyim istiqamətlər və məsələlər mütləq şəkildə nəzərə alınmalıdır ki, ümumi proses zərər görməsin”,- deyə o qeyd edib.

Qeyd edək, layihəyə əsasən, bilavasitə təlim-tədris prosesində iştirak edən pedaqoji işçilərə əmək məzuniyyəti işə qəbul olunduqları vaxtdan asılı olmayaraq məktəblərdə yay tətili dövründə və ya işəgötürənin razılığı ilə tədris ili ərzində verilə biləcək.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Hafiz Hacıyevdən DƏHŞƏTLİ FAKTLAR - Kərimli Elçibəyi necə zəhərləyib? -