Modern.az

Müəllimlərin vakansiya seçimində yenilik gözlənilir

Müəllimlərin vakansiya seçimində yenilik gözlənilir

Təhsil

10 Dekabr 2025, 16:52

İşçilərin ixtisarı zamanı işdə saxlanmaya üstünlük hüququ olan şəxslərin siyahısında dəyişiklik edilməsi nəzərdə tutulur. Belə ki, bu məsələ Milli Məclisin Regional məsələlər komitəsinin 3 dekabr tarixində keçirilən onlayn iclasında müzakirə olunan “Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanun layihəsində öz əksini tapıb.

Layihəyə əsasən, ixtisası və ya peşəkarlıq səviyyəsi eyni olan işçilər arasında seçim aparılarkən, müəssisədə istehsalat qəzası və ya peşə xəstəliyi nəticəsində əlillik almış şəxslərə işdə saxlanma ilə bağlı üstünlük verilməsi ləğv ediləcək.

Bu kontekstdə  müəllimlərin sertifikasiya imtahanı, eləcə də vakansiya seçimində də sözügedən şəxslərə üstünlük verilməsinin ləğvi məsələsi gündəmə gəlir.

Mövzu ilə əlaqədar Modern.az-a açıqlamasında Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü Azər Allahverənov bildirib ki, ümumiyyətlə, müəllimlərin sertifikasiya məsələsi Milli Məclisdə dəfələrlə həmkarlarımız tərəfindən qaldırılıb.

“Eyni zamanda mənə də bu barədə bir neçə müraciət daxil olmuşdu. Xüsusilə sertifikasiyanın nəticələrinə görə iş yerini itirən şəxslər olub və onlar aidiyyəti qurumlara müraciət edirlər ki, əgər sertifikasiyadan keçmədikləri üçün müəllim kimi fəaliyyət göstərə bilmirlərsə, heç olmasa digər qurumlar onların işlə təminatı məsələlərinə dəstək göstərsin. Biz də həmin müraciətləri protokollaşdırıb aidiyyəti üzrə sorğu şəklində göndərmişik Hazırda həmin məsələlərin bir qismi icraatdadır.

İstənilən halda həmin qurumlarla sertifikasiyadan keçməyən şəxslər arasında əlaqə saxlanılır və müəyyən dəstəklərin göstərilməsi ilə bağlı məlumatlar var. Mövzu kifayət qədər açıq və aktualdır”.

Deputat vurğulayıb ki, vakansiya seçimində müəyyən şəxslərə üstünlük verilməməsi məsələsinə gəlincə isə, bu da sual doğuran məsələlərdəndir:

“Çünki istənilən halda, qanunvericilikdə, əmək məcəlləsində dəyişikliklərin edilməsi müəyyən bir seqmenti əhatə edir və burada bəzi dəqiqləşdirmələr göstərilir. Əgər işə götürülən şəxslərin ixtisasları və peşəkarlıq səviyyələri eyni olarsa, həmin şəxslərin müəssisədə istehsalat qəzası və ya peşə xəstəliyi nəticəsində əlillik yaranmış şəxslərin işdə saxlanmasına üstünlük verilir. Bu həm hüquqi, eləcə də mənəvi baxımdan başa düşüləndir”.

A.Allahverənov qeyd edib ki, qanun layihəsi ilə bağlı müzakirələr zamanı həm bu kontekstdə, habelə sertifikasiyada həmin şəxslərə üstünlük verilməsinin ləğvi ətrafında fikir mübadiləsi aparılacaq:

“Mövcud təkliflər və tövsiyələr cari məsələlər çərçivəsində nəzərdən keçirilir və düşünürəm ki, müzakirələr zamanı bunları dilə gətirmək mümkün olacaq. Ümumi mövqe də həmin müzakirələrdə formalaşacaq.

Gələcəkdə müəyyən üstünlüklərin verilməməsi və ya digər meyarların müəyyən edilməsi məsələsinin nə dərəcədə mümkün olacağı isə yenə də sonrakı müzakirələrdən asılı olacaq. Təbii ki, aidiyyəti qurumların rəyləri, habelə mövcud vəziyyət də nəzərə alınacaq və nəticə etibarilə bu məsələlər üzrə ümumi bir qərara gəlinəcək”,- deyə deputat fikrini tamamlayıb.

Qeyd edək ki, hazırkı qanunvericiliyə görə, peşəsi və ya peşəkarlıq səviyyəsi eyni olan işçilər arasında şəhid ailəsinin üzvləri, müharibə iştirakçıları, əsgər və zabitlərin həyat yoldaşları, öhdəsində iki və daha çox 16 yaşınadək uşağı olanlar, həmin müəssisədə istehsalat qəzası və ya peşə xəstəliyi nəticəsində əlilliyi olan şəxslər, məcburi köçkünlər, onlara bərabər tutulan şəxslər və qaçqın statusu olanlar, kollektiv və ya əmək müqavilələrində nəzərdə tutulan digər şəxslərin işdə saxlanmasına üstünlük verilir.

Whatsapp
Bizə yazın!
Keçid et
Hafiz Hacıyevdən DƏHŞƏTLİ FAKTLAR - Kərimli Elçibəyi necə zəhərləyib? -