Modern.az

Bu universitetdə müəllimlərin maaşı iki dəfə artacaq

Bu universitetdə müəllimlərin maaşı iki dəfə artacaq

Təhsil

28 Yanvar 2026, 14:28

1 fevral 2026-cı il tarixindən etibarən Bakı Slavyan Universitetində differensial əmək haqqı tətbiq olunmağa başlayacaqdır.

Qeyd olunub ki, differensial əməkhaqqı sisteminin tətbiqi 3 hissəli olacaq olacaq və birinci mərhələ professor-müəllim heyəti üçün nəzərdə tutulub.

Məqsəd əmək nəticələrinə görə ədalətli ödənişi təmin etmək, professor-müəllim heyətinin motivasiyasını artırmaq, bacarıq fərqlərini nəzərə almaq, əmək məhsuldarlığını yüksəltmək, müəssisənin rəqabət qabiliyyətini artırmaqdır.

Bakı Slavyan Universitetindən Modern.az-a bildirilib ki,  yeni sistem işə düşdükdən sonra bütün professor-müəllim heyətinin fəaliyyəti qiymətləndiriləcək. Bunun üçün müəllimlər nəşrləri, tədqiqatları, peşəkar inkişaf fəaliyyətləri ilə bağlı məlumatları təqdim etməlidirlər:

“Məlumatların təqdim edilməsi müəllimin öz qərarıdır. Başqa sözlə, prosesdə iştirak könüllüdür. Eyni zamanda tədris fəaliyyəti tələbə nailiyyətləri və onların müəllimləri qiymətləndirməsi əsasında daimi olaraq həyata keçiriləcək”.

Qeyd olunub ki, maaşa əlavələr reytinq siyahısına əsaslanacaq. Ən yüksək bal toplayan 20 müəllimin əmək haqqının 2 dəfə, 21-60-cı yerləri tutan müəllimlərin əmək haqqının 40%, 61-100-cü yerləri tutanların əmək haqqının isə 20% artırılması nəzərdə tutulur:

“Differensial əmək haqqının tətbiqi müəllimlərin həm pedaqoji, elmi, sosial, həm də peşəkar inkişaf fəaliyyətinə stimullaşdırıcı təsir göstərəcək və ümumilikdə təhsilin və elmi tədqiqatların keyfiyyətinin yüksəldilməsinə, həmçinin Universitetin reytinqinin artırılmasına dəstək verəcək”.

“Yeni əmək haqqı modeli çərçivəsində müəllimlərin hər hansı şəxsi vəziyyətinə güzəştlər nəzərdə tutulmur”, - deyə BSU-nin Mətbut xidməti bildirib.

Əməkhaqlarının fərdi göstəricilərə görə tənzimlənməsi haqda Modern.az-a təhsil eksperti Elmin Nuri danışıb.

O qeyd edib ki, differansial əmək haqqı sistemi dünya ali təhsil seqmentində artıq uzun illərdir ki, tətbiq olunan mexanizmdir. Burada akademik heyət və  müəllimlər faydalılıq göstəriciləri, faydalı iş əmsalının nəticəsinə uyğun olaraq əmək haqqı alırlar. Diferensial əsas hər işçiyə fərdi şəkildə yanaşılmalı və onun səmərəlilik indeksinə uyğun formada maaş almasını təmin edir:

“Yerli ali təhsil mühitində bu metod ilk dəfə UNEC-də tətbiq olunub. UNEC-də tətbiq olunduğu ildən bu günədək bu forma barədə hər hansı narazılıq, nöqsan və çatışmazlıqla bağlı nəsə eşidib, yaxud şahidi olmamışam. Əksinə, UNEC kollektivi hər zaman əmək haqqı zamanı tətbiq olunan bu metoddan razılığını bildiriblər.

Diferensial əmək haqqının da təbii ki, öz şərtləri var: burada əməkdaşın indeksli jurnallarda çap olunan məqalələrinin sayı, yerli nəşrlərdəki göstəriciləri, adına olan istinad sayları və s. öz əksini tapmalı və onu digərlərindən fərqləndirməlidir.

Bu metod akademik mühit daxilində həm də inkişafyönlü rəqabətlilik yaradır ki, bunun da müsbət nəticəsi özünü çox gözlətmir. Artıq akademik heyət təkcə elmi nüfuz yox, həm də sosial irəliləyiş naminə ikiqat motivasiya ilə rəqabət aparırlar. Təbii ki, bu rəqabət sağlam və şəffaf prinsiplər əsasında həyata keçirilsə, burada sözün hər mənasında qazanan universitet olur”.

Ekspert hesab edib ki, differensial metodun digər universitetlərimizdə də tətbiqi çox faydalı olacaq: “Bakı Slavyan Universitetinin də bu əsaslı maaş sisteminə keçidi universitetdə son illər aparılan reformasiyalara əyani sübutdur. BSU bacardığı qədər çağdaş təhsil trendləri ilə ayaqlaşmağa, öz profili və mahiyyəti üzrə inkişaf proqramını qurub, onun üzərindən hərəkət etməyə çalışır.

Belə əsaslı maaş sistemi universitetdə tədqiqat aparan, beynəlxalq jurnallarda çap olunan, yalnız pedaqoji deyil, həm də akademik tələbləri həyata keçirən kadrların sayını artıracaqdır.

Bu və sadalamadığımız bir neçə səbəbdən diferensial əsaslı maaş sisteminin müəllimin istər pedaqoji, istər tədqiqatçı kimi akademik fəaliyyətinə hər hansı mənfi təsiri olmayacağını deyə bilərik. UNEC nümunəsi necə uğurlu alınıbsa, BSU nümunəsinin də bu cür olacağına inamımız böyükdür”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ABŞ qırıcıları hərəkətə keçdi - İrana hücum başlayır