Modern.az

Nazir gənc müəllim və direktorlarla görüşdü

Nazir gənc müəllim və direktorlarla görüşdü

Təhsil

29 Yanvar 2026, 15:30

Yanvarın 29-da elm və təhsil naziri Emin Əmrullayev Mingəçevir şəhərində gənc müəllim və direktorlarla görüşüb.

Nazirlikdən Modern.az-a bildirilib ki, Emin Əmrullayev əvvəlcə Mingəçevir şəhərində Milli Qəhrəman Natiq Qasımovun adını daşıyan 4 nömrəli tam orta ümumtəhsil məktəbində Milli Qəhrəmanın büstünün açılış mərasimində iştirak edib.

Elm və təhsil naziri məktəb mühitində qəhrəmanların xatirəsinin yaşadılmasının gənc nəslin vətənpərvərlik ruhunda formalaşması baxımından mühüm əhəmiyyət daşıdığını diqqətə çatdırıb. Nazir vurğulayıb ki, təhsil təkcə bilik və bacarıqların verilməsi ilə məhdudlaşmır, eyni zamanda vətəndaş məsuliyyətinin, milli kimliyin, tarixi yaddaşın və mənəvi dəyərlərin möhkəmləndiyi əsas platformadır.

Çıxış edən Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov Milli Qəhrəman Natiq Qasımovun adının məktəbdə yaşadılmasının şəhərin gəncləri üçün örnək və mühüm mənəvi dəyər kəsb etdiyini bildirib.

Şəhidin qardaşı Nofəl Qasımov, öz növbəsində, göstərilən diqqət və ehtirama görə ailəsi adından təşəkkür edib.

Açılış mərasimindən sonra elm və təhsil naziri Emin Əmrullayev Mingəçevir şəhəri Noel Ahəngari adına 13 nömrəli tam orta məktəbdə bir qrup gənc müəllim və məktəb direktoru ilə görüşüb.

Görüş zamanı məktəblərdə tədris mühitinin təşkili, təhsilin keyfiyyətinin yüksəldilməsi, müəllimlərin peşəkar inkişafı və məktəb idarəçiliyində səmərəliliyin artırılması məsələləri geniş müzakirə olunub.

Elm və təhsil naziri Emin Əmrullayev görüşdə müəllimin yalnız fənn biliklərini ötürən şəxs deyil, eyni zamanda yaxşı metodist, düzgün istiqamət verən və şagirdi düşünməyə təşviq edən pedaqoq olmasının vacibliyini vurğulayıb. Nazir şagird–müəllim münasibətlərinə də toxunaraq bildirib ki, qarşılıqlı etimad və hörmət üzərində qurulan münasibət təlim nəticələrinə birbaşa təsir göstərir.

Görüşdə dərsliklərin məzmunu və tətbiqi ilə bağlı məsələlərə də diqqət yetirilib. Müəllimlər tədris prosesində qarşılaşdıqları çətinliklər, dərs yükü, metodiki dəstək, qiymətləndirmə mexanizmləri, dərsliklərlə bağlı təkliflər, həmçinin şagirdlərin oxu bacarıqlarının inkişafı ilə bağlı suallar səsləndiriblər. Nazir bütün sual və təklifləri dinləyib, mövcud islahatlar, planlaşdırılan yeniliklər və praktik yanaşmalar barədə ətraflı məlumat verib.

Məktəb direktorları da öz növbəsində, idarəetmədə qarşılaşdıqları məsələlər, məktəbdaxili monitorinq, müəllimlərlə iş və valideynlərlə əməkdaşlıq mövzusunda fikirlərini bölüşüblər.

Görüş zamanı nazir məktəb rəhbərlərinin təşəbbüskarlığının və məsuliyyətinin təhsilin keyfiyyətinə birbaşa təsir etdiyini qeyd edib.

Sonda Emin Əmrullayev təhsil ictimaiyyəti ilə bu cür görüşlərin keçirilməsinin əhəmiyyətini vurğulayaraq, müəllim və direktorların səsləndirdiyi təkliflərin nəzərə alınacağını bildirib, eyni zamanda, Mingəçevir məktəblərinin pedaqoji kollektivinə uğurlar arzulayıb, təhsildə keyfiyyətin yüksəldilməsinin yalnız birgə əməkdaşlıq və ardıcıl fəaliyyətlə mümkün olduğunu qeyd edib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ABŞ qırıcıları hərəkətə keçdi - İrana hücum başlayır