Yanvarın 29-da elm və təhsil naziri Emin Əmrullayev Mingəçevir şəhərinə səfər edib.
Modern.az xəbər verir ki, əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsi ziyarət edilib, önünə gül dəstələri düzülüb.
Nazir Mingəçevir şəhərində Milli Qəhrəman Natiq Qasımovun adını daşıyan 4 nömrəli tam orta ümumtəhsil məktəbində Milli Qəhrəmanın büstünün açılış mərasimində iştirak edib.
Tədbirdə Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, Milli Qəhrəmanın ailə üzvləri, məktəb kollektivi və digər qonaqlar iştirak ediblər.
Açılış mərasimində çıxış edən elm və təhsil naziri Emin Əmrullayev məktəb mühitində qəhrəmanların xatirəsinin yaşadılmasının gənc nəslin vətənpərvərlik ruhunda formalaşması baxımından mühüm əhəmiyyət daşıdığını diqqətə çatdırıb. Nazir vurğulayıb ki, təhsil təkcə bilik və bacarıqların verilməsi ilə məhdudlaşmır, eyni zamanda vətəndaş məsuliyyətinin, milli kimliyin, tarixi yaddaşın və mənəvi dəyərlərin möhkəmləndiyi əsas platformadır.
Çıxış edən Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov Milli Qəhrəman Natiq Qasımovun adının məktəbdə yaşadılmasının şəhərin gəncləri üçün örnək və mühüm mənəvi dəyər kəsb etdiyini bildirib.
Şəhidin qardaşı Nofəl Qasımov çıxışında ailəsi adından göstərilən diqqət və ehtirama görə təşəkkürünü bildirib, Milli Qəhrəman Natiq Qasımovun Vətən uğrunda göstərdiyi şücaətin, qəhrəmanlıq nümunəsinin və fədakarlığının gələcək nəsillər üçün əsl örnək olduğunu vurğulayıb.