Ali təhsil müəssisələrinin 2025/2026-cı tədris ilinin payız semestri üzrə qış imtahan sessiyası yekunlaşmaq üzrədir.
Modern.az universitetlərdə imtahanların gedişi ilə bağlı məlumat əldə etmək üçün bir neçə ali təhsil müəssisəsinə sorğu ünvanlayıbş
Bakı Dövlət Universitetində (BDU) payız semestrinin qış imtahan sessiyası fevralın 2-də başa çatacaq. Sessiyada bakalavriat səviyyəsində 923 qrup üzrə 21 000-dən çox, magistratura səviyyəsində isə 455 ixtisaslaşma üzrə 2334 tələbənin iştirakı nəzərdə tutulub. Ümumilikdə, imtahanlarda 22 minə yaxın tələbə iştirak edəcək.
Üzrlü və üzrsüz səbəblərdən imtahanda iştirak etməyən tələbələr üçün isə 2026-cı il fevralın 2-dən 6-dək əlavə imtahanlar təşkil olunacaq.
Azərbaycan Dövlət Pedaqoji Universitetindən (ADPU) sorğumuza cavab olaraq bildirilib ki, payız semestrinin əsas imtahanları fevralın 5-də yekunlaşacaq. 5 yanvar- 5 fevral tarixlərində əsas imtahanlar, fənn kreditinin 25 faizi ödənilməklə təkrar imtahanlar isə 6-11 fevral tarixlərində keçiriləcək. Bakı şəhəri üzrə üç növbədə təşkil olunan imtahanlarda ümumilikdə 11 500-dən artıq bakalavr və magistrantın iştirakı planlaşdırılır.
Bakı Mühəndislik Universitetindən (BMU) verilən məlumata görə, bakalavriat və magistratura səviyyələri üzrə imtahanlar yanvarın 5-də başlayıb və fevralın 1-də başa çatacaq. İmtahan sessiyasında ümumilikdə 7450 tələbə iştirak edir.
Qeyd edilib ki, üzrlü səbəblərdən imtahanda iştirak edə bilməyən tələbələr üçün mütəmadi olaraq şərait yaradılır. Fənn kreditinin 25 faizi üzrə imtahanların isə gələn həftə keçirilməsi nəzərdə tutulur. BMU-da qiyabi təhsil forması üzrə imtahanlar isə fevralın 10-da başlayacaq və bir həftə davam edəcək.
Azərbaycan Texniki Universitetindən (AzTU) bildirilib ki, qış imtahan sessiyası bu gün yekunlaşır. Sessiyada bakalavriat səviyyəsində təxminən 9500, magistratura səviyyəsində isə 1600 tələbə iştirak edib.
25 faiz imtahanları və üzrlü səbəblərdən imtahanda iştirak etməyən tələbələr üçün imtahanlar fevralın 9-dan 13-dək təşkil olunacaq.
Azərbaycan Dillər Universitetində (ADU) isə payız semestrinin qış imtahan sessiyası 29 dekabr 2025-ci il tarixindən başlayaraq beş həftə ərzində keçirilir və hazırda davam edir. Sessiya üç növbə üzrə təşkil olunub.
Bakalavriat səviyyəsində 531 qrup üzrə təxminən 7 min, magistratura səviyyəsində isə 49 ixtisaslaşma üzrə 655 tələbə imtahan verir. İmtahanlar fevralın 5-də başa çatacaq. Bundan sonra 25 faiz və kəsr imtahanları üçün qeydiyyat fevralın 6-dan 9-dək aparılacaq, təkrar imtahanlar isə fevralın 10-12-də keçiriləcək.
Azərbaycan Dövlət Neft və Sənaye Universitetindən (ADNSU) bildirilib ki, imtahan sessiyası yanvarın 5-də başlayıb və yanvarın 30-da, yəni bugün başa çatır. Məlumata görə, sessiya həm bakalavr, eləcə də magistr səviyyələrini əhatə edib.
Əsas sessiyada üzrlü və digər səbəblərdən iştirak edə bilməyən tələbələr üçün əlavə imtahan sessiyası isə fevralın 2-dən 10-dək keçiriləcək. Ümumilikdə imtahan sessiyasında təxminən 13 min bakalavr və 3 minə yaxın magistr tələbə iştirak edib.
Azərbaycan Memarlıq və İnşaat Universitetindən (AzMİU) verilən məlumata görə, 2025/2026 tədris ilinin qış imtahan sessiyası 29 dekabr 2025-ci il tarixində başlayıb və 3 fevral 2026-cı il tarixində yekunlaşacaq. Bildirilib ki, imtahanlar həm bakalavr, həm də magistratura pillələri üzrə universitetin akademik təqviminə uyğun şəkildə təşkil olunur.
İmtahan sessiyası AzMİU-da təhsil alan təxminən 13 500 tələbəni əhatə edir. Sessiya çərçivəsində bütün tələbələr müvafiq fənlər üzrə imtahanlarda iştirak edirlər.
Akademik borcu olan tələbələr üçün nəzərdə tutulan 25 faiz güzəştli imtahanların isə 5 fevral 2026-cı il tarixindən başlaması planlaşdırılır. Həmin imtahanların növbəti semestr başlayana qədər yekunlaşdırılması nəzərdə tutulur. 25 faiz imtahanlarının neçə gün davam edəcəyi müraciətlərin sayından asılı olaraq dəyişir. Əgər müraciət edən tələbələrin sayı çox olarsa, proses 13 fevral 2026-cı il tarixinədək uzana bilər.
Xəzər Universitetindən isə bildirilib ki, qış imtahan sessiyası fevralın 4-də başa çatacaq.