Gəncə Dövlət Universitetinin rektorunun tapşırığı əsasında Universitetin Elm və İnnovasiyalar üzrə prorektoru Pərvin Kərimzadənin və hüquq məsləhətçisi Günay Şirinovanın iştirakı ilə GDU-nun tabeliyinə verilmiş 4 elmi müəssisənin kollektivi ilə görüş təşkil olunub.
Modern.az xəbər verir ki, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyindəki elmi müəssisələrin fəaliyyətinin optimallaşdırılması və səmərəliliyinin artırılması haqqında Prezident İlham Əliyevin 04 aprel 2025-ci il tarixli Sərəncamı ilə Ekologiya və Təbii Ehtiyatlar İnstitutu, Bioresurslar İnstitutu və Aqrar Problemlər İnstitutunun, eləcə də Nəbatat Bağının Gəncə Dövlət Universitetinin tabeliyinə verilməsi elmin inkişaf strategiyasına və milli prioritetlərinə, eləcə də elmi nailiyyətlərin yüksəlməsinə xidmət edir. Bu fikirləri prorektor, millət vəkili Pərvin Kərimzadə görüşdə səsləndirib və bildirib ki, son illər dövlət başçısı Cənab İlham Əliyevin həyata keçirdiyi siyasətin mühüm istiqamətlərindən birini idarəetmə sisteminin optimallaşdırılması, şəffaflığın artırılması, yeni idarəetmə mexanizmlərinin tətbiqi və kadrlardan daha səmərəli istifadə edilməsi kimi kompleks yeniliklər təşkil edir. Prezidentimizin Sərəncamı ilə Ekologiya və Təbii Ehtiyatlar İnstitutu, Bioresurslar İnstitutu və Aqrar Problemlər İnstitutunun, eləcə də Nəbatat Bağının GDU-nun tabeliyinə verilməsi elmi əlaqələri daha da gücləndirəcək və Azərbaycan elminin inkişafına önəmli töhfələrini verəcəkdir.
Görüşdə Ekologiya və Təbii Ehtiyatlar İnstitutu, Bioresurslar İnstitutu, Aqrar Problemlər İnstitutunun və Nəbatat Bağının direktorları elm müəssisəsinin fəaliyyət istiqamətləri, apardıqları təcrübə və tədqiqatlar, təşkil etdikləri elmi konfranslar haqqında ətraflı məlumat veriblər.
Keçirilən görüşlərdə Gəncə Dövlət Universitetinin hüquq məsləhətçisi Günay Şirinova iştirakçıları maraqlandıran sualları ətraflı cavablandırıb.
Daha sonra regionlarda elmin inkişafı, gənc alimlərin hazırlanması, magistr və doktorantların institutlarda birbaşa tədqiqat aparması üçün daha əlverişli mühit formalaşdırılması, eləcə də elm–təhsil inteqrasiyasının güclənməsindən bəhs olunub və onları narahat edən məsələlər haqqında ətraflı müzakirələr aparılıb.