Modern.az

Doktorantların ən çox şikayət etdiyi fənn AÇIQLANDI

Doktorantların ən çox şikayət etdiyi fənn AÇIQLANDI

Təhsil

23 Fevral 2026, 16:16

Azərbaycanda ali təhsilin doktorantura pilləsinə qəbulda və tədris prosesinə dəyişiklik edilmişdi.

Modern.az-a açıqlamasında təhsil eksperti Elmin Nuri bildirib ki, bu dəyişikliklərlə doktoranturaya qəbul şərtləri, xüsusən də fəlsəfə doktoru proqramları üzrə müsabiqə şərtləri və sənəd təqdimatı qaydaları yenilənmiş, daha çevik mexanizmlər tətbiq olunmuşdur.

O qeyd edib ki, 2023-cü il dəyişikliklərinin əsas məqamları ingilis dili sertifikatı ilə bağlıdır. Fəlsəfə doktoru proqramına qəbul üçün əvvəlki illərdən fərqli olaraq xarici dil (əsasən ingilis dili) üzrə beynəlxalq sertifikatın (IELTS, TOEFL və s.) tələb olunması şərtləri daha da dəqiqləşdirilmişdir. Uyğun sertifikat sahibləri Dövlət İmtahan Mərkəzinin təşkil etdiyi xarici dil imtahanından azad olunurlar:

“Həmçinin sənədlərin elektron qaydada qəbulu və doktoranturaya qəbul imtahanlarının (fəlsəfə fənni və xarici dil) təşkili qaydaları təkmilləşdirilmişdir”.

Ekspert hesab edib ki, qəbul qaydaları bu gün də bir çox namizədlər üçün çətinlik yaradır:

“Qəbul bildiyimiz kimi 3 mərhələdədir. Ardıcıl olaraq xarici dil, fəlsəfə və ixtisas imtahanları verilir. Yalnız öncəki mərhələdən keçə bilən şəxs növbəti imtahana buraxılır. Şikayət daha çox birinci keçirilən - xarici dili imtahanından edilir”.

Elmin Nuri bildirib ki, doktorantura ən yüksək ali təhsil pilləsidirsə, xarici dil biliyi tələbi də yüksək olmalıdır:

“Dövlət İmtahan Mərkəzi qəbul suallarını Azərbaycan Milli Elmlər Akademiyası və Təhsil Nazirliyi ilə razılaşdırır. Amma suallar bir şərtlə tərtib olunmalıdır ki, cavabı real, aktual səhnəyə əsaslanaraq vermək mümkün olsun.

Ötən il biz sorğu etdik. Namizədlər dedilər ki, qəbulda elə bir cihaz haqda esse yazılması tələb olunub ki, o cihaz haqda  Azərbaycan dilində də nəsə yazmaq çətin olardı”.

Dövlət Statistika Komitəsinin məlumatına əsasən 2024-cü ildə Fəlsəfə doktoru proqramına qəbul 758 nəfər olub. Elmlər doktoru proqramına qəbul isə 106 nəfər olub ki, bu da 2023-cü illə müqayisədə 5 nəfər azdır.

Komitə 2025-ci ilin hesabatını hələ yayımlamayıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Xameneiyə qarşı gizli plan - Şok detallar üzə çıxdı