Modern.az

Dron hücumu: Təhsil müəssisələri fövqəladə hallara hazırdırmı?

Dron hücumu: Təhsil müəssisələri fövqəladə hallara hazırdırmı?

Təhsil

6 Mart 2026, 16:38

Ötən gün İran ərazisindən buraxıldığı bildirilən pilotsuz uçuş aparatlarının Naxçıvan Muxtar Respublikasında mülki infrastrukturu hədəfə alması istər ölkə səviyyəsində, istərsə də beynəlxalq aləmdə ciddi narahatlıq yaratdı. Dronlardan birinin Naxçıvan Beynəlxalq Hava Limanının binasına düşməsi, digərinin isə Babək rayonunun Şəkərabad kənd tam orta məktəbinin yaxınlığında partlaması təhlükəsizlik məsələlərinə diqqət yetirməyin vacibliyini ön plana çəkir. 

Xüsusilə, baş verən hadisə fonunda ümumtəhsil müəssisələrində şagirdlərin təhlükəsizliyinin necə təmin olunduğu, mümkün fövqəladə vəziyyət zamanı təxliyə planlarının mövcudluğu və bu istiqamətdə görülən tədbirlərin yetərliliyi məsələsi də müzakirə predmetinə çevrilir. 

Mövzu ilə bağlı Modern.az-a açıqlamasında təhsil eksperti Məzahir Məmmədli xatırladıb ki, Azərbaycan uzun illər - 30 ildən artıq müddətdə Ermənistanla müharibə şəraitində yaşayıb.

"Bu dövrdə çoxlu sayda məktəblərimiz öz yerindən-yurdundan didərgin düşüb, şagirdlər isə şəhərlərdə və digər bölgələrdə yerləşdirilib. Təəssüf ki, həmin problemlər aradan qalxsa da, hazırda regionda yaranan yeni gərginliklər - İran, İsrail və ABŞ arasındakı münasibətlər fonunda baş verən hadisələr də Azərbaycandan yan keçmir. Məsələn, dünən baş verən hadisəni qeyd edə bilərik. Naxçıvanın Şəkərabad kənd məktəbinin yaxınlığında dronun partlaması müəyyən gərginlik yaratdı və uşaqların təxliyəsi ilə bağlı tədbirlər görüldü. Bu məsələ rəsmi səviyyədə, dövlət qurumları tərəfindən diqqətə alındı. Müdafiə Nazirliyi, Xarici İşlər Nazirliyi və ölkə rəhbərliyi hadisə ilə bağlı sərt mövqe nümayiş etdirdi".

O eyni zamanda ümumtəhsil məktəblərində belə gərgin vəziyyətlərdə işlərin təşkili məsələsinə də aydınlıq gətirib:

"Ümumtəhsil məktəblərində belə gərgin vəziyyətlərdə işlərin necə təşkil olunmasına gəlincə, qeyd etmək lazımdır ki, Azərbaycan bu cür təcrübəni artıq yaşamış bir ölkədir. Ermənistanla 30 illik münaqişə dövründə məktəblərin vaxtaşırı təxliyəsi, şagirdlərin başqa məktəblərdə yerləşdirilməsi, qaçqın və məcburi köçkün ailələrinin uşaqlarının digər təhsil müəssisələrinə yönləndirilməsi kimi təcrübələr formalaşıb. Lakin bu proseslərin rəsmi qaydada necə tənzimlənməsi ayrıca məsələdir. Bildiyiniz kimi, fövqəladə hallarla bağlı xüsusi təlimatlar mövcuddur. Bu təlimatların icrası həm yerli, həm də mərkəzi icra orqanlarının səlahiyyətlərinə daxildir. Zəruri hallarda vəziyyətdən çıxış üçün operativ qərarlar verilir və ehtiyac yaranarsa təxliyə, yaxud bir neçə günlük təhlükəsizlik səbəbilə tədrisin dayandırılması kimi addımlar atıla bilər.

Azərbaycanda hazırda bu kimi gərgin dövrlərin təcrübəsi var. Məsələn, pandemiya dövründə də oxşar vəziyyət yaşanmışdı. Həmin vaxt fövqəladə şəraitdə Elm və Təhsil Nazirliyi, onun aidiyyəti qurumları, regional təhsil idarələri, Bakı Şəhər Təhsil İdarəsi, eləcə də Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyi koordinasiyalı şəkildə qərarlar qəbul edərək yaranmış vəziyyətə uyğun addımlar atırdı.

Bu baxımdan, müəyyən bir ərazidə fövqəladə vəziyyət yarandıqda, bəzən Nazirlər Kabinetinin xüsusi qərarını gözləmədən də Elm və Təhsil Nazirliyinin yerli qurumları və icra orqanları operativ şəkildə tədbirlər görə bilirlər".

M.Məmmədli hesab edir ki, belə hallarda səlahiyyətlərin bir hissəsi daha çox yerli strukturlara verilməlidir:

"Fövqəladə vəziyyətlərdə regional təhsil idarələri və rayon təhsil sektorları yerli icra orqanları ilə birlikdə operativ şəkildə qərar qəbul etmək imkanına malik olmalıdır. Çünki bəzən hadisə baş verdiyi anda mərkəzi qərarı gözləmək vaxt itkisinə səbəb ola və bu da daha ağır nəticələrə gətirib çıxara bilər.

Ona görə də məqsədəuyğun olar ki, fövqəladə hallarda regional təhsil idarələrinə və rayon təhsil sektorlarına daha geniş səlahiyyət verilsin. Bu halda onlar yerli icra orqanları ilə birlikdə vəziyyəti dərhal qiymətləndirərək operativ qərarlar qəbul edə bilərlər. Bu isə təhlükəsizlik baxımından daha düzgün və çevik idarəetmə mexanizminin formalaşmasına kömək edər", - deyə o qeyd edib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İran sərhədimizə QOŞUN YIĞIR - Sepah hərəkətə keçdi - Gündəm Masada