Ötən gün ölkəmizdə 11 illik orta təhsil səviyyəsi üzrə növbəti buraxılış imtahanı keçirildi. Dövlət İmtahan Mərkəzinin məlumatına görə, imtahanda 58 mindən çox şagird iştirak edib. Hər il olduğu kimi, bu dəfə də buraxılış imtahanlarının nəticələri şagirdlər və valideynlər tərəfindən böyük maraqla gözlənilir.
İmtahanların keçirildiyi dövr isə dünyada artan hərbi-siyasi gərginlik fonuna təsadüf edir. ABŞ-İran-İsrail xəttində baş verən hadisələr və müharibə ilə bağlı xəbərlərin geniş müzakirəsi cəmiyyətin informasiya gündəmini müəyyən qədər dəyişib. Bu vəziyyətin şagirdlərin psixoloji durumuna, dərslərə münasibətinə və ümumilikdə təhsilə motivasiyasına təsiri məsələsi də gündəmə gəlir.
Mövzu ilə bağlı Modern.az-a danışan təhsil eksperti Məzahir Məmmədli bildirib ki, regionda müşahidə olunan gərginlik müəyyən mənada şagird və abituriyentlərin psixoloji vəziyyətinə təsirsiz ötüşmür. Onun sözlərinə görə, bir neçə gün əvvəl İran tərəfindən Naxçıvan Muxtar Respublikasına edilən hücum və pilotsuz uçuş aparatının ümumtəhsil məktəbinin yaxınlığına düşməsi ilə bağlı yayılan məlumatlar cəmiyyətdə narahatlıq yaradıb. Sosial şəbəkələrdə paylaşılan xəbərlər, eləcə də bəzi buraxılış sinfi şagirdlərinin səsləndirdiyi fikirlər göstərir ki, bu cür hadisələr xüsusilə yuxarı sinif şagirdlərində müəyyən gərginlik yarada bilir.
Ekspert nəzərə çatdırıb ki, baş verən proseslər müəyyən hallarda gənclərin gələcək təhsil planlarına da təsir edə bilər:
“Məlumdur ki, 11-ci sinif şagirdlərinin bir qismi xaricdə təhsil almaq üçün SAT, TOEFL və Kembric proqramı kimi beynəlxalq imtahanlara hazırlaşır. Lakin regionda müşahidə olunan siyasi gərginlik bəzi gənclərin qərarlarında tərəddüd yaratması ehtimalını da artırır.
Əvvəlki illərin təcrübəsi göstərir ki, blok imtahanlarında istədiyi nəticəni əldə etməyən bəzi abituriyentlər xaricdə təhsil almağa üstünlük verirdilər. Bu zaman daha çox Türkiyə, Rusiya, Gürcüstan və hətta müharibə şəraitinə baxmayaraq Ukrayna kimi ölkələr seçilirdi. Mövcud vəziyyət isə həmin istiqamətdə plan quranların bir qisminin qərarını yenidən nəzərdən keçirməsinə səbəb ola bilər”.
M.Məmmədli onu da əlavə edib ki, digər tərəfdən, ölkə daxilində də ali təhsilə çıxış imkanlarının genişləndirilməsi istiqamətində addımlar atılır:
“Bu il tələbə qəbulunun 75 min nəfərə çatdırılması ilə bağlı planlaşdırılan artım və qəbul yerlərinin çoxaldılması nəzərdə tutulur. Eyni zamanda tələbələrin yarıdan çoxunun təqaüd alma imkanlarının genişləndirilməsi də gənclər üçün əlavə stimul yarada bilər. Bu amillər bəzi abituriyentlərin xaricdə deyil, məhz yerli universitetlərdə təhsil almağa üstünlük verməsinə səbəb ola bilər. Xaricdə təhsilə isə maraq azalacaq”, - deyə o qeyd edib.
Psixoloq Nizami Orucov isə mövcud geosiyasi gərginliklərin abituriyent və şagirdlərin təhsilinə psixoloji təsiri məsələsinə aydınlıq gətirib. Onun fikrincə, müharibə və təhlükə ilə bağlı xəbərlər xüsusilə yeniyetmələr və gənclər üçün emosional gərginlik yarada bilər.
“Sosial şəbəkələr və xəbər axını vasitəsilə bu məlumatlara davamlı məruz qalmaq insanda qeyri-müəyyənlik, narahatlıq və təhlükə hissini gücləndirə bilir. Gənclər bəzən bu hadisələri şəxsi təhlükə kimi qavrayır və bu da onların psixoloji rahatlığına təsir edir. Belə hallarda diqqətin dərsə yönəldilməsi çətinləşə bilər, çünki insan beyni təhlükə siqnallarına daha həssas reaksiya verir. Bəli, davamlı olaraq müharibə xəbərlərinə fokuslanmaq şagirdlərin və tələbələrin diqqətinin dərslərdən yayınmasına səbəb ola bilər. Xüsusilə sosial mediada emosional və sensasion xəbərlərin sürətlə yayılması gənclərin diqqətini dərs prosesindən uzaqlaşdıra bilər. Bu zaman təhsilə motivasiya müvəqqəti olaraq zəifləyə, gələcəklə bağlı qeyri-müəyyənlik hissi yarana bilər”.
Psixoloq həmçinin vurğulayıb ki, uzunmüddətli perspektivdə isə burada əsas rol informasiyanın necə qəbul edilməsindən və gənclərin psixoloji dayanıqlığından asılıdır:
“Əgər gənclər davamlı qorxu və gərginlik atmosferində informasiya qəbul edirlərsə, bu, gələcəyə dair narahatlıq və motivasiya azalması yarada bilər. Lakin eyni zamanda düzgün psixoloji yanaşma və sağlam informasiya mühiti olduqda bu təsirlər minimuma enə bilər. Bu baxımdan valideynlərin və müəllimlərin rolu çox önəmlidir. Gənclərlə açıq şəkildə danışmaq, informasiyanın real miqyasını izah etmək və onları sensasion xəbərlərdən qorumaq vacibdir. Eyni zamanda gənclərin gündəlik rejimini, sosial fəaliyyətlərini və təhsil fokusunu qorumaq onların psixoloji balansını saxlamağa kömək edir. Əsas məqsəd gənclərdə qorxu yox, reallığı düzgün dərk etmək və emosional sabitlik yaratmaqdır”.