Modern.az

İmtahan sualları çətin olub? - DİM-dən açıqlama

İmtahan sualları çətin olub? - DİM-dən açıqlama

Təhsil

Bu gün, 12:04

Dövlət İmtahan Mərkəzi (DİM) 9 mart 2026-cı il tarixində keçirilmiş buraxılış imtahanında istifadə olunan test tapşırıqlarının çətin olduğu barədə iddialara cavab verib.

DİM-dən Modern.az-a bildirilib ki, buraxılış və qəbul imtahanlarının məzmunu müəyyən edilərkən istinad olunan metodiki çərçivə çox aydın və birmənalıdır: bunlar hazırda ölkəmizdə qüvvədə olan təhsil proqramı, dərsliklər və onların əsasında hazırlanmış buraxılış imtahanı proqramlarıdır.

“İmtahanların məzmunu hazırlanarkən qeyd olunanlar nəzərə alınır.

Tapşırıqların mürəkkəblik dərəcəsinə gəldikdə isə ümumi qayda belədir ki, hər bir imtahanda müxtəlif hazırlıq səviyyəsinə malik iştirakçıları bir-birindən fərqləndirmək üçün bütün fənlər üzrə test blokunda asan, orta və çətin test tapşırıqlarından istifadə edilir. Çünki imtahanda yalnız zəif və orta hazırlıqlı abituriyent deyil, yaxşı hazırlıqlı iştirakçıları da bir-birindən fərqləndirmək tələb olunur”, - DİM-dən qeyd edilib.

DİM hesab edir ki, imtahanın asan və ya çətin olması nisbi bir məsələdir:

“İmtahan iştirakçısının hazırlıq səviyyəsinə görə bu, əlbəttə, dəyişir. Hər hansı bir tapşırıq kimə görəsə çətin, kimə görəsə asan ola bilər. Ancaq ənənəvi təhlillər göstərir ki, test tapşırıqlarının çətin olması ilə bağlı bəzi iştirakçılar tərəfindən səsləndirilən mülahizələr həqiqətə uyğun olmur.

Hazırda yekun imtahan nəticələri elan olunmayıb. Ona görə də heç kəs konkret fikir söyləyə bilməz. İmtahanın mürəkkəblik dərəcəsi sosial şəbəkələrdə yazılanlara əsasən müəyyən edilmir. Nəticələr elan olunduqdan sonra lazımi göstəricilər ictimaiyyətə təqdim olunacaq.

Dövlət İmtahan Mərkəzi imtahanlardan dərhal sonra bütün tapşırıqları və onların izahını Mərkəzin saytına və sosial şəbəkə hesablarına yerləşdirir. İmtahanda iştirak edənlər, həmçinin valideynlər, müəllimlər, ekspertlər bütün test tapşırıqları ilə tanış ola bilirlər. Sual kitabçaları da imtahan iştirakçılarına verilir. Bütün bunlar imtahanının məzmununun ictmaiyyət üçün nə qədər açıq olmasının bariz göstəricisidir”.

Qeyd edək ki, DİM martın 9-da keçirilmiş buraxılış imtahanında istifadə olunan test tapşırıqlarının izahı və düzgün cavablarını açıqlayıb.

İmtahanda 58 mindən çox 11-ci sinid şagirdi iştirak edib.

Şagirdlərin nəticələrinin yaxın 7 həftə ərzində elan olunması nəzərdə tutulur.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Türkiyə İranla sərhədə 60 minlik qoşun yığdı - Gündəm Masada