Modern.az

Abituriyentlərin nəzərinə: Qarşıdan ən çətin imtahanlar gəlir

Abituriyentlərin nəzərinə: Qarşıdan ən çətin imtahanlar gəlir

Təhsil

Bu gün, 13:32

Martın 9-da 11 illik orta təhsil səviyyəsi üzrə bu ilin ilk buraxılış imtahanı keçirilib. İmtahandan sonra sosial şəbəkələrdə və abituriyentlər arasında sualların bir qisminin nisbətən çətin olduğu ətrafında fikirlər səsləndirilir. Bu isə builki nəticələrin ümumi bal göstəricilərinə necə təsir edəcəyi məsələsini gündəmə gətirir. Dövlət İmtahan Mərkəzi imtahanın çətin olması ilə bağlı səslənən iddialara cavab olaraq bildirib ki, imtahanın asan və ya çətin olması nisbi məsələdir. Müzakirələr fonunda orta statistik balın ötən illərlə müqayisədə dəyişib-dəyişməyəcəyi, eləcə də ayrı-ayrı ixtisas qrupları üzrə keçid ballarında mümkün artım və ya enmə ehtimalı müzakirə predmetinə çevrilir.

Mövzu ilə bağlı Modern.az-a danışan təhsil sahələri üzrə tədqiqatçı Elmin Nuri bildirib ki, illərdir apardığı müşahidələrə əsasən, imtahandan sonra “imtahan asan idi”, “imtahan sualları uyğun idi”, “imtahan əlverişli idi” kimi fikirlərlə demək olar ki, qarşılaşmayıb. Onun sözlərinə görə, istər buraxılış, istər blok, istərsə də magistratura imtahanlarından sonra adətən “imtahan çətin idi”, “suallar daha vaxt aparırdı”, “tapşırıqlar mürəkkəb idi” kimi fikirlər səslənir.

“Təcrübə göstərir ki, imtahan günü bu cür narazılıqlar səslənsə də, nəticələr açıqlanandan sonra çox sayda abituriyentin yüksək - 250-300 bal aralığında nəticə göstərdiyi məlum olur. Hətta rekord sayda 300 bal toplayan abituriyentlərdə qeydə alınır. Bundan sonra isə artıq “imtahan o qədər də çətin deyildi” kimi fikirlər səslənməyə başlayır”.

E.Nuri hesab edir ki, hazırkı mərhələdə qəti nəticə çıxarmaq üçün tələsmək doğru deyil:

“Buraxılış imtahanlarının ikinci mərhələsi hələ qarşıdadır və cavablar da açıqlanmayıb. Nəticələr elan olunduqdan sonra ümumi mənzərə daha aydın görünəcək”.

Tədqiqatçı əlavə edib ki, buraxılış imtahanlarının həddindən artıq çətinləşdirilməsi həm də prosedur baxımından mümkün deyil:

“Hamıya məlumdur ki, blok imtahanları buraxılış imtahanlarına nisbətən daha mürəkkəb olur. Buraxılış imtahanlarının həddindən artıq çətin olması qəbul prosesində müəyyən balansın pozulmasına və ixtisas seçimində problemlərə səbəb ola bilər. Ona görə də sualların çətinlik səviyyəsi adətən əvvəlki illərlə müqayisədə ciddi şəkildə fərqlənmir”.

Onun sözlərinə görə, bəzi hallarda abituriyentlərin çətinlik kimi qiymətləndirdiyi məqam sualların təqdimat forması ilə bağlı olur:

“Bəzi açıq tipli suallar əvvəlki illərdən bir qədər fərqli formada təqdim olunur. Abituriyentlər əsasən sınaqlarda və əvvəlki illərin sualları üzərində işlədikləri üçün gözlərinin öyrəşmədiyi sual forması ilə qarşılaşanda bu, həm vaxt aparır, həm də psixoloji gərginlik yaradır. Lakin məzmun baxımından heç bir sual fənlər üzrə müəyyən edilmiş məzmun standartlarından kənara çıxmır”.

Yekun olaraq o vurğulayıb ki, builki nəticələrin necə olacağını indidən demək hələ tezdir:

“Çünki yalnız birinci mərhələ baş tutub, ikinci mərhələ isə qarşıdadır. Üstəlik, blok imtahanlarının nəticələrinin necə olacağı da məlum deyil. Məsələn, ötən il blok imtahanları kifayət qədər çətin olmuşdu. Bu il necə olacağı isə yalnız nəticələr açıqlanandan sonra bilinəcək. İlkin ehtimala görə isə bu il universitetlərə qəbul prosesində ümumi bal yükü ötən ildən ciddi şəkildə fərqlənməyəcək”, - deyə E.Nuri qeyd edib

Qeyd edək ki, buraxılış imtahanlarında 58 mindən çox 11-ci sinif şagirdi iştirak edib. Məlumata görə, şagirdlərin nəticələrinin yaxın 7 həftə ərzində elan olunması nəzərdə tutulur.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Türkiyə İranla sərhədə 60 minlik qoşun yığdı - Gündəm Masada