Ötən il elmi müəssisə və təşkilatlar tərəfindən dəyəri 230 mln. manatdan çox işlər yerinə yetirilmişdir ki, onun da təxminən 98%-ni elmi-texniki işlər təşkil etmişdir. Yerinə yetirilmiş elmi-texniki işlərin 61,5%-ni fundamental tədqiqatlar, 11,2%-ni tətbiqi tədqiqatlar, 11,4%-ni layihə konstruktor və texnoloji işlər təşkil etmişdir.
Modern.az-ın məlumatına görə, bu Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hesabatda öz əksini tapıb.
Əvvəlki illə müqayisədə fundamental və tətbiqi tədqiqatların dəyəri 6,2%, son 10 illə müqayisədə isə 2,4 dəfə artmışdır. Tədqiqat işlərinə çəkilmiş daxili xərclər əvvəlki illə müqayisədə 2,1 dəfə artaraq 262,5 mln. manat təşkil etmişdir. Fundamental və tətbiqi tədqiqatlara çəkilmiş cari xərclərin 35,3%-i təbiət elmləri, 32,9%-i humanitar və ictimai elmlər, 18,3%-i texnika elmləri, 7,6%-i tibb elmləri, 5,9%-i isə aqrar elmlər sahəsinə sərf edilmişdir.
2025-ci ildə əsas elmi göstəricilər
Elmi problemlər — 226
Mövzular — 706
Elmi-tədqiqat işləri — 2176
Tətbiq olunmuş işlər — 125
Qrantlar (o cümlədən 23-ü xarici) — 67
Patentlər (o cümlədən 26-sı xarici) — 104
Hesabat ilində bütün elmi bölmələr üzrə elmi müəssisələrdə 226 problemin 706 mövzusu əsasında 2176 elmi-tədqiqat işi aparılmışdır. Elmi müəssisələrdə çalışan alimlər tərəfindən 686 kitab və monoqrafiya, 12,8 min (o cümlədən Web of Science və Scopus bazalarına daxil olan impakt faktorlu jurnallarda) məqalə və tezis nəşr etdirilmişdir. Elmi işçilərin əsərlərinə təxminən 67 min istinad olunmuşdur.