Modern.az

Səməd Seyidov: "“Biz sizə şərait yaradırıq, sizdən isə aktivlik tələb edirik”

Səməd Seyidov: "“Biz sizə şərait yaradırıq, sizdən isə aktivlik tələb edirik”

15 Sentyabr 2010, 12:38

Bu gün Azərbaycanın digər təhsil müəssisələrində olduğu kimi, Azərbaycan Dillər Universitetində (ADU) də “Bilik günü” qeyd edilib. Ali təhsil müəssisəsinin mətbuat xidmətinin rəhbəri Zeynab Kazımovadan aldığımız məlumata görə, universitetin Akt zalında ali məktəbə bu il daxil olan tələbələrlə görüş Azərbaycan Respublikasının Dövlət Himni ilə başlayıb. Sonra ADU-nun rektoru, millət vəkili Səməd Seyidov professor-müəllim heyətini və tələbə adını qazananları yeni dərs ili münasibətilə təbrik edib. O, Azərbaycanın öndə gedən ali məktəblərindən biri olan Azərbaycan Dillər Universitetinə daxil olan tələbələrin buna öz gərgin hazırlıqları ilə nail olduqlarını bildirib:
“Təhsil sistemində ən yüksək reytinqə malik ali məktəblərdən birinə daxil olmaqda yanılmamısınız. Xarici dilləri mənimsəyərək Azərbaycanı dünyaya, dünyanı isə Azərbaycana qovuşdurmaq sizin əsas vəzifəniz, bizimsə arzumuzdur. Bu arzumuzu yerinə yetirmək üçün siz tələbələrlə birgə işləyəcəyik”.
Yeni tədris ilində rəhbərlik etdiyi ali məktəbə 1000 nəfərə yaxın tələbənin daxil olduğunu bildirən rektor onların biliklərinin daha da yüksək olmasının vacibliyini qeyd edib. Ali məktəbə yeni daxil olan tələbələri savadlı, vətənpərvər, eyni zamanda iradəli olmağa çağırıb. ADU haqqında, yeni tətbiq olunan Boloniya prosesi, fakültələr, eləcə də tələbələrin ixtiyarında olan real və virtual kitabxana barədə  tələbələrə məlumat verən rektor S.Seyidov universitetdə fəaliyyət göstərən müxtəlif mərkəzlərdən tələbələrin layiqincə istifadə etməsini arzuladığını dilə gətirib, tələbələri hər zaman təşəbbüs göstərməyə çağırıb: “Biz siz tələbələrə bütün şəraiti yaradırıq, sizdən isə aktivlik tələb edirik”.
Daha sonra rektor ən yüksək balla - 654 balla Tərcümə fakültəsinə daxil olan Minayə Cəfərovaya noutbuk hədiyyə edib. Digər yüksək balla universitetə daxil olan tələbələrə də hədiyyələr, tələbə biletləri və qiymət kitabçaları təqdim edilib. Valideynlər adından danışan Hənifə Qayınbəyova övladının məhz bu ali məktəbə daxil olduğuna görə sevindiyini söyləyib.
Görüşün sonunda Azərbaycan Dillər Universitetinin himni səslənib və ali təhsil ocağının fəaliyyətini özündə əks etdirən slayd nümayiş etdirilib.

 

 


Modern.az                                   

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə