Bu gün Bakı Dövlət Universitetində 15 sentyabr - Bilik günü münasibətilə tədbir keçirilib. Modern.az xəbər verir ki, BDU-nun rektoru, millət vəkili Abel Məhərrəmov tələbələri, onların valideynlərini, müəllim və tədbir iştirakçılarını Bilik günü münasibətilə təbrik edib.
Abel Məhərrəmov deyib ki, Bakı Dövlət Universiteti gənc nəslin təlim-tərbiyəsində, elm və təhsilində, mütəxəssislərin hazırlanmasında bütün təhsil ocaqlarına örnək olmuş və bu gün də örnək olaraq qalmaqdadır. Rektorun sözlərinə görə, bu il ali təhsil ocağına daxil olan tələbələr azad, müstəqil, firavan Azərbaycanın tarixi ənənələri olan bir təhsil və elm ocağına qədəm qoyurlar. Rektor bu il universitetə 3500-ə yaxın tələbənin qəbul olunduğunu, respublika üzrə 600-dən yuxarı bal toplayan abituriyentlərin təxminən 300 nəfərinin universiteti seçdiyini söyləyib. Deyib ki, 9 sentyabr 2010-cu il tarixdə dövlət başçısı İlham Əliyevin 2010-2011-ci tədris ilində Azərbaycan Respublikasının ali məktəblərinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında sərəncamına əsasən 102 nəfər bu təqaüdlə təmin olunacaq ki, onların əksəriyyəti Bakı Dövlət Universitetinin tələbələridir.
Coğrafiya fakültəsinin dekanı, professor Müseyib Müseyibov tədbir iştirakçılarını salamlayıb, ali məktəbə daxil olmuş tələbələri təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Sonra 695 balla Tətbiqi riyaziyyat və kibernetika fakültəsiə daxil olmuş Aysel Bəşirli tələbələr adından çıxış edərək bundan sonra da valideyn və müəllimlərin etimadlarını doğruldacaqlarını, universiteti müəvvəfəqiyyətlə bitirmək üçün çalışacaqlırını bildirib.
Birinci kurs tələbələrinin valideynləri adından çıxış edən Vaqif Hüseynov onları universitetdə yaradılmış yüksək şəraitdən yararlanaraq yüksək biliyə, elmə yiyələnməyə səsləyib. Sonda Abel Məhərrəmov yüksək bal toplayan gənclərə tələbə biletlərini, universitetin tarixini əks etdirən bukleti təqdim edib, onları bir daha təbrik edərək birlikdə xatirə şəkili çəkdirib.
Modern.az