NATO-nun baş katibi Anders Foq Rasmussen Şimali Atlantika Blokunun yeni strategiya konsepsiyası üzərində işləri başa çatdırdığını bəyan edib. Modern.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə NATO baş katibi özü açıqlama verib.
“Mən elə indi NATO-nun yeni strateji konsepsiya layihəsi üzərində işimi başa çatdırmışam”,-deyə Rasmussen Brüsseldə jürnalistlərə bildirib.
Onun sözlərinə görə, yaxın bir ay ərzində sənəd NATO üzvü olan 14 ölkəyə göndəriləcək, oktyabrın 14-də isə üzv ölkələrin müdafiə və xarici işlər nazirləri Brüsseldə layihə ilə əlaqədar fikir mübadiləsi aparacaqlar. NATO-nun baş doktrina sənədinin alyansın noyabr ayında Lissabonda keçiriləcək sammitində qəbulu gözlənilir.
Yeni sənəd alyansın 1999-cu ildə qəbul olunmuş konsepsiya sənədini əvəz edəcək. Qeyd olunur ki, yeni sənəddə üzv dövlətlərin nüvə və energetika təhlükəsizliyi, raket əleyhinə, terrorizm və piratçılıqla mübarizə sahəsində ümumi mövqeyi əksini tapacaq.