Modern.az

Vaşinqtonda Azərbaycanın səbr kasasının daşmasından danışıblar

Vaşinqtonda Azərbaycanın səbr kasasının daşmasından danışıblar

17 Sentyabr 2010, 10:02

Sentyabrın 15-də Vaşinqtondakı Cons Hopkins Universitetinin Mərkəzi Asiya və Qafqaz Araşdırmaları İnsitutunda Cənubi Qafqaz üzrə müzakirələr keçirilib. Müzakirələrdə çıxış edən mütəxəssislər deyiblər ki, ABŞ müdafiə naziri Robert Geyts və Dövlət katibi Hillari Klintonun Cənubi Qafqaza səfərləri Amerikanın mövqeyini səsləndirmək istiqamətində müsbət addım olsa da, Obama hakimiyyəti hələ də bu bölgəyə dair konkret siyasət irəli sürməyib.

ABŞ Hərb Kollecinin professoru Stifen Blənk və İnstitutun baş tədqiqatçısı Svante Kornell Ağ Evi Cənubi Qafqaz və Mərkəzi Asiya bölgəsinə qarşı daha diqqətli olmağa çağırıblar.

Professor Blənk xüsusilə qeyd edib ki, Rusiya Federasiyasının bölgədə hərbi mövcudluğunun artması istiqamətində atdığı son addımlar ABŞ tərəfindən “passivlik” və “sükutla” qarşılanıb.
"Bunu, hətta rus təhlilçiləri də etiraf edirlər. Mütəxəssisin fikrincə, Rusiya ilə bir sıra qlobal məsələlər üzrə razılığa can atan Vaşinqton Kiçik Qafqaz dövlətlərinə bu məsələyə maneə törədəcək bir qrup kimi baxır".
O, Vaşinqtonun Ermənistan-Türkiyə yaxınlaşması ilə Dağlıq Qarabağ münaqişəsinin həlli arasında əlaqəni görməməkdə siyasi səhvə yol verdiyini bildirib. "Ermənistan-Azərbaycan arasında atəşkəs rejiminin son zamanlar tez-tez pozulması Azərbaycanın səbr kasasının dolduğundan xəbər verir".

Bu fikirlərlə razılaşan Svante Kornell atəşkəs rejiminin pozulması hallarını Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini “dondurulmuş” hesab edənlərə əks arqument kimi gətirib.

“Azərbaycanın artan qüdrəti, müdafiə büdcəsinin Ermənistanın dövlət büdcəsinə bərabər olması hərbi əməliyyatların başlaması ehtimalını da artırır” deyən Kornell ATƏT-in Minsk qrupunun vasitəçilik səylərinin daha yüksək siyasi səviyyəyə qaldırılması zərurətini diqqətə çatdırıb. O, bildirib ki, ABŞ-ın bölgəyə dair addımlarında buraxdığı nöqsanlara baxmayaraq, İlham Əliyev hakimiyyətinin səbrli olması nəticəsində Azərbaycan bir müttəfiq kimi itirilməyib.
Mütəxəssislər Obama hakimiyyətini Cənubi Qafqaz və Mərkəzi Asiyanın ABŞ maraqları üçün əhəmiyyətini bir daha nəzərdən keçirib, buradakı dövlətlərə qarşı “Rusiyadan müstəqil siyasət” yürütməyə tövsiyə ediblər.
 

Whatsapp
Bizə yazın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə