Modern.az

IV İslam Həmrəyliyi Oyunlarının 2017-ci ildə Bakıda keçirilməsi üçün müqavilə imzalandı

IV İslam Həmrəyliyi Oyunlarının 2017-ci ildə Bakıda keçirilməsi üçün müqavilə imzalandı

Təhsil

7 Aprel 2015, 20:26


Aprelin 7-də “Fairmont Baku” otelində IV İslam Həmrəyliyi Oyunlarının 2017-ci ildə Bakıda keçirilməsi ilə bağlı İslam Həmrəyliyi İdman Federasiyası (İHİF) ilə müqavilə imzalanıb.

Modern.az-ın məlumatına görə, müqaviləni Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, gənclər və idman naziri Azad Rəhimov və İHİF-in prezidenti, Səudiyyə Ərəbistanının gənclər və idman naziri, Səudiyyə Ərəbistanın Olimpiya Komitəsinin prezidenti, şahzadə Abdullah Bin Mosaad Bin Abdulaziz Alsaud imzalayıblar.

Qeyd edək ki, 2013-cü ilin iyulunda Səudiyyə Ərəbistanının Ciddə şəhərində İHİF-in səkkizinci hesabat-seçki Baş Assambleyası çərçivəsində federasiyaya üzv olan Milli Olimpiya Komitələri 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etmək üçün Azərbaycanın namizədliyinə səs veriblər. Tam səs çoxluğu ilə ölkəmizin 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etməsi barədə qərar qəbul edilib.

IV İslam Həmrəyliyi Oyunları 2017-ci il mayında keçiriləcək. 57 ölkəni təmsil edən idmançıların qatılacağı yarışın əsas şüarı “Həmrəylik bizim gücümüzdür” seçilib.

Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə bildirib ki, IV İslam Həmrəyliyi Oyunlarının Bakıda hələlik 2017-ci ildə təxminən may ayında keçirilməsi planlaşdırılır: "Oyunların keçirilməsi müqəddəs Ramazan ayının nə vaxta düşməsindən asılı olacaq. Oyunlar Ramazan ayından əvvəl keçiriləcək. Oyunlarda təxminən 19-20 idman növü təmsil olunacaq. Yarışların proqramı Avropa Oyunlarının proqramına yaxın olacaq, amma fərqli idman növləri də olacaq. Məsələn, ağırlıqqaldırma".

Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyevin 2012-ci il 4 iyun tarixli Sərəncamı ilə 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunlarının keçirilməsi üçün Bakı şəhərinin namizədliyinin irəli sürülməsi ilə bağlı Təşkilat Komitəsi yaradılıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə