İki gün öncə, azərbaycanlı kriminal avtoritet Rövşən Lənkəranskinin (Canıyev) Ukraynada həbs edilməilə bağlı “Praym Kraym” agentliyi məlumat yayıb. Xəbərdə göstərilir ki, 35 yaşlı Rövşən Canıyev sentyabrın 15-də səhər Kiyevin dəmir yolu vağzalında Ukrayna Daxili İşlər Nazirliyinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb və onu hazırda onun Azərbaycana ekstradisiya edilməsi məsələsinə baxılır.
Bu məlumatı Azərbaycan KİV-ləri də yayıb.
Modern.az –a Rövşən Lənkəranskinin Moskvada yaşayan dayısı oğlu müraciət edərək məlumatın yanlış olduğunu bildirib. Onun sözlərinə görə, Rövşən Moskva-Kiyev qatarı ilə Ukraynaya gələrkən saxlanılıb və bir qədər sonra buraxılıb. Hazırda Rövşən Canıyev Moskvadadır.
Qeyd edək ki, kriminal avtoritet sonuncu dəfə ötən il dekabrın 3-də saxlanılaraq dekabrın 12-də Azərbaycana ekstradisiya olunub. Bu il yanvarın 29-da Bakıda onun məhkəməsi başlayıb. Dövlət ittihamçısı 12 il azadlıqdan məhrumetmə cəzası istəsə də, məhkəmənin qərarı ilə R. Canıyevə 2 il 9 ay müddətinə həbs cəzası verilib. Həbsdə qaldığı müddət hesablanaraq o, məhkəmə zalından azadlığa buraxılıb.
Modern.az