Aprelin 7-də Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğanın İrana rəsmi səfəri başlayıb. Səfər İran prezidenti Həsən Ruhaninin dəvəti əsasında gerçəkləşib. Görüş zamanı bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Maraqlıdır, iki dövlət arasındakı görüş iqtisadi, siyasi, ticarət əlaqələrinin bundan sonrakı inkişafına hansı töhfələri verəcək? O cümlədən, Dağlıq Qarabağ məsələsi istiqamətində İran-Azərbaycan əlaqələrinə təsiri olacaqmı?“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Modern.az-a açıqlamasında Ərdoğanın İran səfərinin İran-Türkiyə münasibətlərinə elə ciddi təsirinin olmayacağını deyib.
“Bir səfərlə iki dövlət arasındakı münasibətlərin dəyişməsini söyləmək çətindir. Nə çox mənfiyə doğru, nə də müsbətə doğru irəliləyiş gözləyirəm. İran-Türkiyə münasibətləri hansı yerdədirsə o yerdə də qalacaq.
Əslində, münasibətlər normaldır. İki dövlət arasında iqtisadi, ticarət, enerji əməkdaşlığı var. Eyni zamanda, Türkiyənin İrana müəyyən sualları da var. Əvvəla, İran Türkiyəyə qazı çox baha satır. Türkiyə isə mavi yanacağı Rusiya, İran və Azərbaycandan alır. Ən baha satan İrandır. Ona görə də görüş zamanı Ərdoğan, mavi yanacağın qiymətinin ucuzlaşdırılması məsələsini qaldıraraq, Türkiyənin daha çox qaz ala bilməsinin mümkünlüyünü deyib. Bu məsələ gündəmdədir. Eyni zamanda, ortada siyasi fikir ayrılıqları var.
Çünki Yəmən məsələsində Ərdoğan Ankarada İranın ünvanına çox sərt açıqlamalar söyləmişdi. Bu da İranda bəzi dairələrin xoşuna gəlmədi. Hətta, bu səfərin təxirə salınacağı fikirləri də vardı. Amma səfər gerçəkləşdi. Ona görə də münasibətlərdə gərginlik gözləmədiyim kimi, çox böyük irəliləyiş, müttəfiq olacağını da gözləmirəm.
Sadəcə, İran ətrafında sanksiyalar yumşalsa İranla Qərb arasında əməkdaşlıq başlayacaq ki, bu, Türkiyəyə də, Azərbaycana da xeyir edəcək. Bu istiqamətdə müəyyən irəliləmə ola bilər”. Dağlıq Qarabağ ətrafındakı 7 rayonun azad olunmasına gəlincə, ekspert proseslərin gedişatında İranın Ermənistana qarşı siyasətinin dəyişməsinin mümkünlüyünü istisna etməyib.
“Əvvəla, Dağlıq Qarabağ ətrafındakı rayonları azad etməliyiksə, heç bir dövlətə, hətta, müttəfiqlərə belə güvənməməliyik. İran ətrafındakı son hadisələrin Azərbaycan və Dağlıq Qarabağa müəyyən təsirlərinə gəlincə, deyə bilərəm ki, 23 il bundan əvvəl Amerika, İsrail mətbuatı yazırdı ki, İrana hərbi hava zərbələri endiriləcək və Azərbaycan torpaqlarından istifadə olunacaq.
Bu həqiqətə uyğun deyildi. Çünki Azərbaycan bu müharibədə kənar qalacaq. Belə dezinformasiyalar yayılırdı. Təəssüflər olsun ki, İrandakı dini xadimlər və hərbçilər də Azərbaycanı hədəf götürmüşdülər. İndi sanksiyalar yumşalandan sonra Qərb-İran əməkdaşlığı başlayacaqsa, bu bölgəyə rahatlıq gətirəcək və müharibə olmayacaq. Digər tərəfdən Ərdoğan İranda da bu mövzunu müzakirə edib. Bəlkə, İran öz qazını Avropaya çıxartmaq istəyir və onun üçün ən münbit məkan Türkiyə ərazisidir. Azərbaycan Türkiyə ilə TAP və TANAP layihələrinin icrasına başlayıb.
Deməli, İranın boru xəttlərinə qoşulması ehtimalı yüksəkdir və Azərbaycanın xeyrinədir. Amma bölgədə baş verən müsbət dəyişikliklər Dağlıq Qarabağ münaqişəsinin həllinə təsir edəcəyini söyləmək çətindir.
Sadəcə, əgər İran dünyaya açılırsa, İranın daxilində də müəyyən demokratik proseslər baş verə bilər. Bu proseslərin nəticəsi olaraq, İran azərbaycanlılarının bu ölkədə rolu arta bilər. Rolu artacaqsa, deməli, onlar İran azərbaycanlılarının Ermənistan siyasətinə də təsir edə bilər. Birmənalı olaraq İrandan Səudiyyə Ərəbistanı, Pakistan Türkiyə kimi mövqe gözləyirik. Bu baxımdan düşünürəm ki, İranda daxili proseslər sürətlənsə, mümkündür ki, İranın Ermənistan siyasəti də dəyişsin”.
Namidə BİNGÖL