Fövqəladə Hallar Nazirliyi Lənkəran-Astara magistral yolunun Lənkəran rayonu, Digah kəndi ərazisindən keçən hissəsində (rayon mərkəzindən 2,5km aralı) vətəndaşa məxsus maye qaz və benzin yanacaqdoldurma məntəqəsində yanğınla davam edən partlayış hadisəsi barədə rəsmi məlumat yayıb.
Modern.az nazirliyə istinadla bildir ki, hadisə nəticəsində, hər birinin həcmi 50 kub metr olan 2 ədəd maye qaz çəni, yanacaqla dolu 16 ton maye qaz daşıyan "Kamaz" markalı yük avtomobilinin, "VAZ" markalı minik avtomobilinin və "Belorus" markalı traktorun yanar hissələri, həmçinin, yanacaqdoldurma məntəqəsinə bitişik yerləşən ümumi sahəsi 60kv.m. olan çayxananın dam örtüyünün yanar konstruksiyaları 20kv.m. sahədə, "Bakcell" şirkətinə məxsus ötürücü antenanın yanar hissələri yanıb, hadisə zamanı yanacaqdoldurma məntəqəsində olan 3 nəfər məntəqə işçisi müxtəlif dərəcəli yanıq xəsarətləri alıb.
Partlayış zamanı "Kamaz" markalı avtomobilin çəninin qəlpələri yaxınlıqda yerləşən ayrı-ayrı vətəndaşlara məxsus ikimərtəbəli evin dam örtüyünün 50kv.m. sahəsini, ikimərtəbəli digər evin dam örtüyünün 30kv.m sahəsini və birmərtəbəli evin dam örtüyünün 20kv.m. sahəsini dağıntılara məruz qoyub. Yaralılar xəstəxanaya aparılıb.
Həmin ərazidə yerləşən həcmi 50 kub metr olan 1 ədəd maye qaz çəni, həcmi 15 ton olan 1 ədəd yeraltı yanacaq çəni və yaxınlıqdakı fərdi yaşayış evləri yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunub.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.
Modern.az