Modern.az

İranın Bakıdakı Səfirliyi Xamneinin sərt müraciətini yaydı

İranın Bakıdakı Səfirliyi Xamneinin sərt müraciətini yaydı

17 Sentyabr 2010, 13:27

Dünya şiələrinin mərcəyi-təqlidi və İran İslam Respublikasının ali dini rəhbəri həzrət ayətulla Seyyid Əli Xamnei "Quran"-a qarşı hörmətsizliklə əlaqədar müraciətlə çıxış edib.     
Bu barədə Modern.az-a İran İslam Respublikasının Azərbaycandakı Səfirliyinin Mətbuat Xidmətindən məlumat verilib.
İslam aləminə ünvanlanan müraciətdə bildirlib:
”... Amerikada bu ölkənin polisi tərəfindən yaradılmış təhlükəsizlik şəraitində Qurana qarşı dəlicəsinə həyata keçirilmiş mənfur və ikrah doğuran təhqir elə acı və ciddi bir hadisədir ki, onu sadəcə bir neçə nəfər dəyərsiz və muzdla tutulmuş adamın axmaqcasına hərəkəti hesab etmək olmaz. Bu, illər öncədən bu yana islamofobiya və islama qarşı düşmənçilik siyasətini məqsəd kimi qarşıya qoyaraq, yüzlərlə müxtəlif üsul və minlərlə təbliğat və əməliyyat vasitələrindən istifadə etməklə islama və Qurana qarşı mübarizəyə başlamış mərkəzlərin qabaqcadan hesablanmış bir addımıdır.  Bu, mürtəd Salman Rüşdinin xəyanəti ilə başlanmış və danimarkalı xəbis karikaturaçının hərəkəti və Hollivudda islam əleyhinə çəkilmiş yüzlərlə filmlə davam etdirilmiş rüsvayçı addımlar silsiləsində yeni bir həlqədir ki, indi bu nifrətəlayiq nümayiş həddinə çatmışdır. Görəsən, bu rəzil hərəkətin arxasında duran nədir və kimdir?”.

Xamnei bildirib ki, son illərdə Əfqanıstan, İraq, Fələstin, Livan və Pakistandakı hərbi əməliyyatlarla müşayiət olunan hərəkətləri araşdırarkən şübhə yeri qalmır ki, bu hərəkətlər hökmranlıq sistemi başçıları və sionist "beyin mərkəzləri" tərəfindən düşünülüb və idarə olunur, hansı ki, bu mərkəzlər Amerika hökumətinə, onun təhlükəsizlik və hərbi təşkilatlarına, habelə Britaniya və bir sıra digər Avropa ölkələrinə çox böyük təsir imkanlarına malikdirlər.
"Bunlar o qüvvələrdir ki, müstəqil və əsil həqiqətin axtarışında olan təhqiqatlar 11 sentyabr hücumları ilə əlaqədar ittihamları gündən-günə daha çox onlara tərəf istiqamətləndirir. O avantüra Amerikanın o zamankı cinayətkar prezidentinin əlində İraqa və Əfqanıstana hücum etmək üçün bir  bəhanə oldu, o, səlib müharibəsi elan etdi və elə həmin şəxs, alınan son xəbərlərə görə, dünən bildirmişdir ki, bu  səlib müharibəsi kilsənin döyüş meydanına daxil olması ilə təkmilləşmişdir....

...Bu kin və küdurət dolu hərəkət yeni bir cərəyanın başlanğıcı deyil, əksinə, sionistlərin və Amerika rejiminin başçılığı ilə uzun müddətdir ki, islam əleyhinə həyata keçirilən prosesin bir mərhələsidir...

...Əvvəla, bu hadisə və bundan qabaqkı hadisələr onu göstərir ki, bu gün dünya istikbarının hücumunun hədəfi əziz islamımızın əsası və Qurani-Kərimdir. İstikbarın İslam Respublikası ilə açıq-aşkar düşmənçiliyi islami İranın istikbarın zülm və hökmranlığına qarşı açıq-aşkar mübarizəsi səbəbindəndir. Odur ki, onların islamla və digər müsəlmanlarla düşmən olmadıqlarını göstərməyə çalışmaqları böyük yalan və şeytani məkrdir. Onlar islamla və bu dinə bağlılığı olan hər kəslə və islam əlaməti olan hər şeylə düşməndirlər.

İkincisi, islamla və müsəlmanlarla bu kin və küdurət silsiləsi bundan irəli gəlir ki, bir neçə onillik bundan qabaqdan bu günədək islamın nuru həmişəkindən daha parlaq və onun islam dünyasında və hətta Qərbdə nüfuzu həmişəkindən daha artıq olmuşdur. Bundan irəli gəlir ki, islam ümməti həmişəkindən daha ayıqdır və onlar istikbarın iki əsrlik müstəmləkəçilik  və təcavüz zəncirini parça-parça etməyə özündə güc və iradə tapmışlar. Qurana və islamın böyük peyğəmbərinə qarşı təhqir bütün acılığı ilə yanaşı, böyük bir müjdə də verir: Quranın parlaq günəşi gündən-günə daha yüksəklərə qalxacaq və daha da parlaq olacaqdır.

Üçüncüsü, hamımız bilməliyik ki, bu son hadisənin kilsə ilə və xristianlıqla heç bir əlaqəsi yoxdur. Bir necə axmaq və muzdla tutulmuş keşişin oyuncaq hərəkəti xristianların və onların dini şəxsiyyətlərinin ayağına yaxılmamalıdır. Müsəlmanlar heç zaman başqa dinlərin müqəddəslərinə qarşı oxşar addımlara əl atmayacaqlar. Müsəlmanlar və xristianlar arasında ümumi səviyyədə münaqişə, düşmənlərin və bu dəlicəsinə nümayişi hazırlayanların istəyidir, Quranın bizə verdiyi dərs isə əksinə, münaqişəyə getməməkdir.

Dördüncüsü, bütün müsəlmanların tələb etdiyi tərəf bu gün Amerika hökuməti və siyasətçiləridir. Əgər onların bu hadisədə əli olmadığı barədəki iddiaları səmimidirsə, onda onlar bir milyard yarım müsəlmanın qəlbini ağrıdan bu böyük cinayətin əsas səbəbkarlarını və onun icraçılarını layiqli bir şəkildə cəzalarına çatdırmalıdırlar".

Modern.az

 

Whatsapp
Bizə yazın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə