Bu gün Nərimanov rayon Məhkəməsində vəkil Elmar Süleymanovun qanunsuz işdən kənarlaşdırılmasına dair şikayətinə baxılıb. Onun müdafiə etdiyi şəxs - Hünər Cəfərov Cinayət Məcəlləsinin 234-cü (qanunsuz olaraq narkotik maddələrin dövriyyəsi) maddəsi ilə ittiham olunur.
Modern.az-a açıqlama verən vəkilin sözlərinə görə, məhkəmə zalına gətiriləndən sonra məlum olub ki, Bakı İstintaq Təcridxanasında oduğu zaman təqsirləndirilən şəxsin sağ qulağının bir hissəsi kəsilib:“Məhkəmə zalına daxil olarkən məlum oldu ki, Hünər Cəfərovun vəziyyəti yaxşı deyil. Prokuror özü məlumat verdi ki, şəxsin sağ qulağının üst hissəsi kəsilib".
Hüquq müdafiəçisi deyib ki, Hünər Cəfərov mart ayının 20-də həbs edilib və ayın 22-nə qədər Baş Narkotiklə Mübarizə İdarəsində saxlanılıb.
Mart ayının 22-də Nərimanov rayon Məhkəməsi şəxs barədə həbs qətimkan tədbiri seçib və Bakı İstintaq Təcridxanasına köçürülməsini qeyd edib. Ayın 23-dən etibarən müqavilə bağlamasına baxmayaraq vəkilə yalnız martın 29-da müttəhimlə görüşməyə icazə verilib.
Məhz müqavilə bağlandığı gündən görüşə icazə verilmədiyinə görə Elmar Süleymanov məhkəməyə müraciət edib. Onun müraciətinə baxan hakim bildirib ki, bayram vaxtına düşdüyündən müttəhimlə görüşə icazə verilməyib:
“Mən Konstitusiyaya əsaslanaraq bildirdim ki, təqsirləndirilən şəxsin öz müdafiəçisilə görüşmək və ünsiyyət saxlamaq hüququ var. Buna görə də hakim işin araşdırılacağını bildirib qərar qəbul etmədən prosesi təxirə saldı”.
Vəkil onu da bildirib ki, Hünər Cəfərov qulağının kim tərəfindən kəsildiyini açıqlamayıb.
Növbəti məhkəmə prosesi aprel ayının 15-nə təyin olunub.
Gülşən RAUFQIZI