Modern.az

Ziya Məmmədov: “Daha 300 ədəd “İVECO” avtobusu Bakıda istismara buraxılacaq”

Ziya Məmmədov: “Daha 300 ədəd “İVECO” avtobusu Bakıda istismara buraxılacaq”

Təhsil

11 Aprel 2015, 07:05



”Yaxın günlərdə paytaxta 300 ədəd “İVECO” markalı yeni avtobus Bakı şəhərinin marşrut şəbəkəsində istismara buraxılacaq”.
Modern.az xəbər verir ki, bunu nəqliyyat naziri Ziya Məmmədov Nazirlər Kabinetinin aprelin 10-da keçirilən toplantısında çıxışı zamanı deyib.
Ziya Məmmədov Birinci Avropa Oyunlarına hazırlıqla bağlı paytaxtın yol-nəqliyyat infrastrukturunda aparılan genişmiqyaslı işlər barədə məlumat verərək deyib ki, idman obyektlərini əlaqələndirən əsas marşrut kimi müəyyən edilmiş Ziya Bünyadov prospektində yenidənqurma işləri başa çatdırılıb.

”Hazırda prospektin və Bakı Dairəvi-1 yolunun İntellektual Nəqliyyat Sisteminə qoşulması işləri aparılır. Milli Gimnastika Arenasının, Bakı Kristal Zalın, Veloparkın, Tofiq Bəhramov adına Respublika Stadionunun, Beynəlxalq Yayım Mərkəzi kimi istifadə olunacaq “Bakı Ekspo” Mərkəzinin giriş-çıxış yolları da hazır vəziyyətə gətirilmişdir.
Məşəl Proqramına müvafiq olaraq Suraxanı rayonunda Səttar Bəhlulzadə və Atamoğlan Rzayev küçələrinin təmiri bu ayın 15-dək başa çatdırılacaq. Həmçinin Bakı Atıcılıq Mərkəzindən Bakı Dairəvi-1 yoluna birbaşa çıxışı təmin edən 1 kilometrlik yeni yolun və yol üzərində ikicərgəli hərəkət hissəsi olan 445 metr uzunluğunda dayaqlar üzərində körpünün tikintisi may ayında yekunlaşacaqdır. Bakı Olimpiya Stadionunda ictimai nəqliyyat terminalının, Atletlər Kəndinin yaxınlığında avtobus meydançasının, Media Kəndində nəqliyyat terminalının, o cümlədən Avropa oyunları parkının və digər yarış və mühüm qeyri-yarış obyektlərinin giriş-çıxış yollarında işlər tamamlanmaq üzrədir. Avropa Oyunlarının açılış və bağlanış tədbirlərinin keçiriləcəyi Olimpiya Stadionu ərazisində və Böyükşor dairəsində yeni yolun, körpünün, piyada keçidlərinin tikintisi və Heydər Əliyev prospektində təmir işləri yaxın müddətdə başa çatdırılacaqdır. Əsas Marşrut Şəbəkəsinin (47 km) Oyunlara aid yol nişanları və Oyunların loqosu əks olunan zolaqlar ilə təmin edilməsi istiqamətində hazırlıq görülür və bu ay işlərə başlanılacaqdır.
Oyunlar zamanı nəqliyyat əməliyyatları Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən idarə olunacaq. Bu məqsədlə aidiyyəti dövlət orqanlarının və Bakı Avropa Oyunları Əməliyyat Komitəsinin nümayəndələrindən ibarət İdarəetmə və Nəzarət qərargahı yaradılır.
Bakı Avropa Oyunları Əməliyyat Komitəsinin tələblərinə müvafiq olaraq 800 avtobus sürücüsü, 1200 taksi və minik avtomobili sürücüsü, depo və dispetçer işləri üçün 315 nəfərlik heyət hazırlanaraq, nəzəri treninqlərə cəlb edilmişlər. Sürücülər üçün vahid geyim forması sifariş verilmişdir. Qonaqlara nəqliyyat xidmətlərinin təşkili məqsədilə 650 ədəd yeni taksi və minik avtomobilləri alınmışdır. Tamaşaçıların və digər müştəri qruplarının daşınması məqsədilə ekspress avtobus marşrutları müəyyən edilmişdir.
Həmçinin oyunların keçiriləcəyi Mingəçevir şəhərində nəqliyyatın üzərinə düşən öhdəliklərlə əlaqədar müvafiq tədbirlər müəyyən edilmiş və icrası vaxtında təmin olunacaqdır".

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə