Cənubi Koreyanın prezidenti Pak Kın Xe İkinci Dünya Müharibəsində qələbənin 70 illiyi ilə bağlı Moskvada keçiriləcək tədbirə qatılmaqdan imtina edib. Modern.az xarici KİV-ə istinadən bildirir ki, bu haqda Cənubi Koreyanın Xarici İşlər Nazirliyindən məlumat verilib. Buna baxmayaraq Seul Moskvaya prezidentin xarici işlər üzrə xüsusi məsləhətçisini, Koreya Milli Assambleyasının deputatı Yun San Xyonanı yollayacaq.
Pak Kin Xenin Moskvada keçiriləcək qələbə paradında iştirakdan imtinasının səbəbi açıqlanmayıb.Yerli KİV isə belə güman edir ki, buna səbəb Ukraynadakı situasiya ola bilər.
Mayın 9-da nəzərdə tutulan tədbirdə iştirak üçün 68 dövlət liderinə və BMT-nin, YUNESKO-nun, Avropa Şurası və Avropa İttifaqının rəhbərliyinə dəvətnamə göndərilib. İlkin olaraq 25 ünvandan paradda iştirak etməklə bağlı müsbət cavab alınıb.
Moskvadakı tədbirdən imtina edənlər isə Almaniyanın kansleri Angela Merkel, Britaniyanın baş naziri Devid Kemeron, Avropa İttifaqının sədri Donald Tusk, eləcə də Avstriya, Çernoqoriya, İsrail, Bolqarıstan, Polşa, Litva, Latviya, Estoniya və Çexiya prezidentləridir.
Modern.az