Aprelin 12-si ötən ilin iyulunda Kəlbəcərdə şəhid olmuş cəbrayıllı Vətən aşiqi Həsən Həsənovun ad günüdür, yaşasaydı 37 yaşı tamam olacaqdı. Amma qismət olmadı... Vətən eşqi, vətən həsrəti onu sevdiklərindən tez ayırdı. Ayırdı amma Vətənə qovuşdurdu.
Modern.az-ın məlumatına görə, Həsənin ad gününə onlarla insan toplaşmışdı.
“20 yanvar” metrostansiyasının yaxınlığındakı “Şəhidlər” abidəsinin önünə toplaşan ziyarətçilər Həsənin Binəqədi rayonundakı qəbri üstünə buradan yollandılar. Mərasimə gələnlər arasında Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı, Cəbrayıl rayon İcra Hakimiyyəti başçısı Mahmud Quliyev, “125-lər” siyasi klubunün üzvləri, YAP-ın Cəbrayıl şöbəsinin sədri Arif Fərzəliyev, müharibə veteranı Vaqif Əlisoy və Həsəni çox sevən Cəbrayıl gəncləri vardı.
Şəhid Həsən Həsənovun məzarı başına yığışanlar onun vətənpərvərliyindən danışdılar, yaxınları göz yaşları axıdırdı… Hər addımda onu yaşatmağa çalışan qardaşı Nail bəy kimi...
Həsən, qardaşları Dilqəm və Şahbazla birlikdə 23 illik Vətən həsrətinə dözə bilmədi. Müqəddəs torpaqları ziyarətə getdi, dostları girov, özü isə şəhid olmaqla arzusuna catdı.
Həsənin məzarında rahat uyuması üçün bircə arzumuzun reallaşması bəsdi. Arzu edək ki, Həsənin 12 aprel tarixinə yazılan ad günü tezliklə doğulub boya-başa çatdığı Cəbrayılda qeyd olunsun. O zaman bütün Azərbaycan Həsən və onun timsalında bütün şəhidlərimizin Doğum gününü-QƏLƏBƏ gününü qeyd etsin!
Hər kəsin əlindən səbr diləməkdən başqa bir şey gəlmir...Biz də Modern.az olaraq şəhidimizin valideynlərinə, həyat yoldaşı Vüsalə xanıma, qızları Özləm və Ləmana, onun ölümü ilə heç cür barışmayan qardaşı Nail bəyə başınız sağ olsun, Vətən sağ olsun deyirik...
Gülşən RAUFQIZI