Aprelin 10-da 18 il öncə düşmən arxasında kəşfiyyat əməliyyatı aparan zaman mühasirəyə düşən, ancaq təslim olmayıb sona qədər vuruşaraq, şəhidliyə ucalan 7 döyüşçümüzün yad edilməsi barədə xəbər verilmişdi. Xəbər yayılandan sonra sosial şəbəkədə kəşfiyyatçılarımızın əməliyyatı və şəhid olması barədə geniş müzakirələr gedib.
Əməliyyata gedən həmin kəşfiyyat qrupunun N saylı hərbi hissə komandiri polkovnik Xətai Baxışov Qaziler.az saytına igid döyüşçülərdən danışıb.
O, bildirib ki, N saylı hərbi hissənin komandiri olduğu vaxt hazırlanan əməliyyatdan çox az adamın xəbəri olub:
“1997-ci il aprel ayında 8 nəfərdən ibarət kəşfiyyat qrupu xüsusi tapşırıqla Qarabağa – düşmənin arxasına göndərildi. Qrup düşmənlə təmas xəttindən təxminən 40-50 kilometr irəli keçərək tapşırığı yerinə yetirdi. Bu çox vacib bir əməliyyat idi. Lakin qrup geri qayıdarkən düşmən tərəfindən aşkarlandı. Düz üç gün onlar ermənilərin mühasirəsində müxtəlif manevrlər edərək döyüşdülər. Əsasən də gecələr ermənilərin mövqelərinə ciddi zərbələr vururdular. Həmin döyüşlər gedən zaman əraziyə ermənilərin danışıqlarını izləmək məqsədi ilə Bakıdan döyüş bölgəsinə radio danışıqları tuta bilən xüsusi maşın (radioperexvat – red ) aparmışdıq.
Düşmənin radio danışıqlarından nə baş verdiyini müəyyənləşdirmək olurdu. Mühasirə həlqəsi daralan kəşfiyyatçılarımız ermənilərə çox ciddi zərbələr vurdular. Ermənilər həm canlı qüvvə, həm də texnika itirdilər...
Mühasirə tam daraldıqda isə ermənilər onları təslim olmağa çağırıblar. Amma kəşfiyyatçılarımız onların bu təklifini rədd edib sona qədər döyüşüblər. Yalnız Aqil Əhmədov yaralanıb huşsuz halda əsir düşdü, digər 7 kəşfiyyatçımız şəhid oldu! Ermənilər bizim şəhid kəşfiyyatçıları öz əsgərlərinə nümunə olaraq ehtiram və hörmətlə dəfn ediblər. Yalnız altı aydan sonra mərhum prezident Heydər Əliyevin səyi nəticəsində kəşfiyyatçılarımızın cəsədlərini erməni meyitləri ilə dəyişdik, iki gün sonra Bakıda II Şəhidlər Xiyabanında dəfn etdik”.
Rusiyanın “Soldat udaçı” adlı hərbi jurnalının 1997-ci il, 11 -cı sayında kəşfiyyatçılarımızın fotoları dərc edilib. Jurnalda iki kəşfiyyatçımızın - leytenantlar Elxan Ataxan oğlu Ağayev və Vüqar Rzaxan oğlu Yarəhmədovun düşmən arxasında ölümdən əvvəlki və şəhid olandan sonrakı fotoları yer alıb.

Qeyd edək ki, Ermənistan məhkəməsi əsir düşən yaralı kəfiyyatçımız Aqil Əhmədova güllələnmə cəzası kəsib. Ancaq uzun sürən danışıqlardan sonra Aqili dəyişmək mümkün olub.
Xatırladaq ki, onların hər birini mərhum prezident Heydər Əliyev ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni ilə təltif edib:
Leytenant Ağayev Elxan Ataxan oğlu:
Leytenant Yarəhmədov Vüqar Rzaxan oğlu:
Çavuş Rzayev Anar Üzeyir oğlu;
Çavuş Mustafayev Dinar İbrahim oğlu;
Çavuş Həsənov Aqşin Əli oğlu;
Çavuş Ələkbərov Nizami Səfi oğlu;
Çavuş Cavadov Fariz Şamil oğlu;
Çavuş Əhmədov Aqil Mürsəl oğlu. (Sağdır).





Modern.az