Modern.az

Ukraynanın 3 sabiq prezidenti Bakıya gələcək

Ukraynanın 3 sabiq prezidenti  Bakıya gələcək

15 Aprel 2015, 12:09


Ukraynanın keçmiş dövlət başçıları Leonid Kravçuk, Leonid Kuçma və Viktor Yuşşenko aprel ayının sonunda Azərbaycana gələcək. Səfərin məqsədi Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkil etdiyi III Qlobal Açıq Cəmiyyətlər Forumunda iştirak etməkdir.

Komitənin mətbuat xidmətindən Modern.az saytına verilən məlumatda bildirilib ki, “Yeni dünya düzənində etimadın yaradılması” mövzusuna həsr olunan forumda sabiq prezidentlərin Ukraynadakı vəziyyətə dair çıxışı nəzərdə tutulub.

Tədbirdə nüfuzlu siyasi liderlər dünyanı narahat edən məsələlər – etnik və digər zəmində baş verən münaqişələr, terror təhdidləri, demokratiyanın inkişafı, təhsil, ekologiya və bir sıra qlobal problemləri geniş müzakirə edəcək, onların həll yollarının tapılması istiqamətində fikir mübadiləsi aparacaqlar.

1991-ci ildən 2010-cu ilədək Ukraynaya rəhbərlik edən Leonid Kravçuk, Leonid Kuçma və Viktor Yuşşenko Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvləridir.

Aprelin 28-30-da Bakıda keçiriləcək III Qlobal Açıq Cəmiyyətlər Forumunda BMT-nin keçmiş baş katibi Butros Butros Qali, ABŞ-ın sabiq dövlət katibi Henri Kissencer kimi nüfuzlu siyasətçilər, həmçinin Qırğızıstan prezidenti Almazbek Atambayev, Makedoniya prezidenti George İvanov, Bolqarıstanın dövlət başçısı  Roşen Plevneliyev, Andorranın baş naziri Antoni Marti və bir sıra ölkələrin eks-prezidentləri, sabiq hökumət rəhbərləri iştirak edəcək.

Gülşən RAUFQIZI

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə