Rusiyanın Xabarovsk vilayətində Azərbaycan vətəndaşının başçılıq etdiyi və yük maşını sürücülərini qarət etməklə məşğul olan mütəşəkkil dəstə üzvlərinə hökm oxunub. Modern.az Rusiya mətbuatına istinadən xəbər verir ki, dəstəyə Rusiya ərazisində qeyri-leqal yaşayan Azərbaycan vətəndaşı başçılıq edib. Məhkəmə onu 12 il müddətinə azadlıqdan məhrum edib. Onun professional karate ilə məşğul olan 2 ortağı isə müvafiq olaraq 10 və 9 il dəmir barmaqlıqlar arxasında qalacaq.
İstintaqın məlumatına görə, Xabarovsk vilayətinin Lidoqa-Vanino yolunda pusqu quran dəstə üzvləri oğurladıqları maşınla qəza imitasiyası yaradaraq yoldan keçən yük maşını sürüclərinin onlara yardım etmək istədikləri məqamda həmin sürücüləri döyüb, qarət etməklə məşğul olurmuşlar. Onlar hücum zamanı dəyənəkdən və pnevmatik tapançadan istifadə edirmişlər.
Sonuncu hücum zamanı yaxınlıqdakı yol polisi tərəfindən aşkar edilən cinayətkarlar qısa təqibdən sonra ələ keçiblər.
Vüqar İsmayılov