Bu gün Milli Məclisin Toponomiya komissiyasının iclası keçirilib. Bu barədə Moden.az saytına Milli Məclisin Toponomiya komissiyasının katibi İdrak Qarayev məlumat verib.
O qeyd edib ki, komissiyanın iclasları tez-tez keçirilmir. Müraciətlərdən, sənədlərdən asılı olaraq komissiya üzvləri ildə 2-3 dəfə toplaşır. Bu günki iclasdakı müzakirələr isə bir rayon ərazisində eyniadlı bir neçə yaşayış mənətəqələrinin mövcud olması üzərində qurulub:“Bu ciddi problem yaradır. Belə olan halda göndərilən məktubların, sənədlərin lazımi ünvana çatdırılmasında çətinlik yaşanır. Yəni bir kəndə göndərilən sənəd eyniadlı digər kəndə gedib çıxır. Bu səbəbdən də həmin adların dəqiqləşdirilməsi məsələsinə baxıldı. Məsələn Ağcabədi rayonu ərazisində iki ”Qiyaməddinli” kəndi var. Birinə “Yuxarı Qiyaməddinli”, digərinə isə “Aşağı Qiyaməddinli” deyilir”.
İdrak Qarayev deyib ki, müzakirələr zamanı həmçinin yerlərin tarixi adların dəqiqləşdirilməsi məsələsinə də toxunulub: “Bəzi yerlər var ki, tarixi kökündə bir addır, sovet dövründə isə ad dəyişdirilib, yaxud kəndi bir yerdən başqa yerə köçürüb ona yeni ad veriblər. Məsələn, kənd “Təzəkənd” adlanır, halbuki yerin tarixən adı “Ağbulaq” olub”.
Toplantı zamanı komissiyanın qərar vermək səlahiyyəti olmadığından məsələlər müzakirə olunub və adların dəyişdirilməsi üçün rayon icra hakimiyyətlərinə tövsiyyə olunub. Bildirlib ki, rayon icra hakimiyyətləri qanuna uyğun olaraq məsələ qaldırsın.
Gülşən RAUFQIZI