Modern.az

Keçmiş müsavatçıların yaratdığı mərkəz fəaliyyətini dayandırıb

Keçmiş müsavatçıların yaratdığı mərkəz fəaliyyətini dayandırıb

15 Aprel 2015, 17:54


Müsavat Partiyası başqanlığına keçmiş namizəd Səxavət Əlisoy və professor Adil Qeybullanın birgə təsis etdiyi Siyasi Dialoq və İslahatlar Mərkəzi (SDİM) fəaliyyətini dayandırıb. Bunu Modern.az saytına açıqlama verən Səxavət Əlisoy deyib.

  O qeyd edib ki, Siyasi Dialoq və İslahatlar Mərkəzi tam tərkibdə Azərbaycan Demokratiya və Rifah Hərəkatına (ADR) daxil olub: “Mən və Adil Qeybulla Azərbaycan Demokratiya və Rifah Hərəkatında sədrin müavinləriyik. Bu səbəbdən qərara gəldik ki, bundan sonra ictimai-siyasi fəaliyyətimizi hərəkatda davam etdirək”.  

Onun sözlərinə görə, ADR-də təşkilatlanma prosesi gedir:

“Artıq 35 rayonda bu proses başa çatıb. May ayının sonuna kimi daha 20 rayonda hərəkatın yerli qurumları yaradılacaq. Bununla bağlı təşkilat komitəsində çox intensiv müzakirə gedir. Hesab edirik ki, bu ilin sonuna kimi hərəkat  Azərbaycanın bütün rayonlarında yerli təşkilatlarla təmsil olunacaq. Təşəbbüs qrupu yaradılan rayonlarda konfranslar keçirilir. Hərəkata üzvlərin cəlb olunması prosesi intensiv davam edir. İlin sonuna kimi hərakatın nəyə qadir olduğunu göstərəcəyik”.   Səxavət Əlisoy hərəkatda cəmiyyətin tanınmış simalarının da yer alacağını deyib:

“Hazırda hərəkata üzv olacaq tanınmış simalardan ibarət məsləhət şurası formalaşdırılır. Şurada Azərbaycanın kifayət qədər tanınmış simaları olacaq. Hələlik onların adlarını açıqlamaq istəmirik. Qərara gəlmişik ki, mətbuata həmin şəxslərlə bağlı açıqlama özlərinin iştirakı ilə verilsin. Bu yaxınlarda bunu həyata keçirəcəyik”.

2014-cü il dekabrın 3-də isə  Arif Hacılının  apardığı siyasətə kəskin etiraz edən Müsavat başqanlığına sabiq namizəd Qubad İbadoğlu ADR-in yaradıldığını bəyan edib.

2015-ci ilin fevralında isə adıçəkilən təşkilat təsis edilib və onun sədri Qubad İbadoğlu seçilib.

Sevinc Yasinqızı  
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə