Modern.az

Toponomiya Komissiyasının yeni sədri parlament seçkilərindən sonra seçiləcək

Toponomiya Komissiyasının yeni sədri parlament seçkilərindən sonra seçiləcək

16 Aprel 2015, 13:18


“Toponomiya Komissiyası yerlərdən təkliflər gələndə toplaşır. Qanunvericiliyə görə təkliflər yerlərin adının dəyişdirilməsi, yeni inzibati quruluşlara adların verilməsi, yaxud ərazilərin birləşmə və ayrılması icmalar, icra hakimiyyətləri səviyyəsində həll olunur”.  

Bunu Modern.az saytına açıqlamasında Toponomiya Komissiyasının üzvü Musa Quliyev bildirib.   Onun sözlərinə görə, komissiyanın gec-gec toplaşması onun fəaliyyətinin zəif olması anlamına gəlmir:

“Müstəqilliyimizin ilk illərində komissiyanın fəaliyyətinin daha güclü, indiki halda isə nisbətən zəiflədiyini hiss etməyiniz təəccüblü deyil. Çünki əvvəlki illərdə daha çox yer adlarının dəyişdirilməsinə,  yeni məntəqələrin yaradılması ilə əlaqədar yeni adların verilməsinə ehtiyac vardı. Hazırda işlərin əsaslı hissəsi görüldüyündən, qarşıya çıxan problemlər həll olunduğundan, Toponomiya Komissiyasının az-az toplaşması qanunauyğundur.

Bildiyiniz kimi, sovet dönəmindən qalan, milliliyimizə yad olan çoxlu adlar vardı. Bu adların bir hissəsi 1990-2000-ci illərdə dəyişdirildi.   Bir yaşayış məntəqəsinin tərkibində bir ad bir neçə dəfə təkrar olunurdu. Məsələn, bunlara “Yenikənd”, “Təzəkənd”, “Qaragöl” kəndlərinin adlarını misal göstərmək olar.

Bundan əlavə, tayfa adları ilə bağlı problemlər də mövcud idi. Məsələn, bir kənd böyüyüb bir neçə kəndə bölündüyü zaman adların, şəxsiyyət vəsiqələrinin, ünvanların müəyyənləşdirilməsində çaşqınlıq yaradırdı. Komissiya məhz belə olan halda toplaşır, müzakirələr keçirir”.   Musa Quliyev komissiyaya sədr təyin edilməməsi məsələsinə də aydınlıq gətirib O, Toponomiya Komissiyasına yeni sədr seçilməsinin növbəti parlament seçkilərindən sonra baş tuta biləcəyini deyib:

“Bildiyiniz kimi, yay sessiyası başa çatmaq üzrədir və ola bilər ki, komissiya bu 5 il ərzində sonuncu iclasını keçirir. Payız sessiyasında isə Milli Məclis yeni tərkibdə öz fəaliyyətini davam etdirəcək. Həmin vaxt komissiyanın tərkibində də dəyişiklik edilə bilər. Komissiyaya növbəti 5 il müddətinə yeni sədr təyin edilməsi ehtimalı daha yüksəkdir”.  

Gülşən RAUFQIZI  

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə