Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistan tərəfindən keçirilən hərbi təlimlərlə əlaqədar rəsmi qurumun mövqeyini bildirib. Modern.az xəbər verir ki, XİN rəsmisinin sözlərinə görə, Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində növbəti təxribatçı hərbi təlimlərin keçirilməsi işğal və təcavüzə əsaslanan mövcud status kvonu saxlamağa və məqsədyönlü şəkildə regionda gərginliyi artırmağa xidmət edir.
“Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan ərazilərində həyata keçirilən bu təlim güc tətbiq etmək və güc tətbiq edərək hədələməyin daha bir ifadəsidir.
May ayında Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistan tərəfindən yaradılmış qondarma rejimə keçirilməsi nəzərdə tutulan qanunsuz “parlament seçkiləri” də Ermənistanın siyasi-hərbi təxribat əməllərinin növbəti tərkib hissəsidir.
ATƏT-in Minsk Qrupu tərəfindən dəstəklənən Böyük sülh sazişi üzərində işə başlamaq əvəzinə Ermənistan tərəfindən siyasi və hərbi təxribatçı əməllər vasitəsilə danışıqlar prosesinə xələl gətirilir.
İşğal və təcavüzə əsaslanan, qəbuledilməz və qeyri-davamlı olan mövcud status kvonunun dəyişdirilməsi, münaqişənin həlli və nəticə etibarilə, regionda sülh və sabitliyin bərqərar olması üçün ilk növbədə Ermənistanın işğalçı qüvvələri işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmalıdır”.
Modern.az