Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 19-da Vyetnam Sosialist Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Nquyen Than Şonun etimadnaməsini qəbul edib.
Modern.az-ın məlumatına görə, səfir Nquyen Than Şon fəxri qarovul dəstəsinin qarşısından keçdi. Nquyen Than Şon etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib.
Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət edib.
Dövlətimizin başçısı Vyetnam Sosialist Respublikasına ötənilki səfərini, orada Azərbaycan nümayəndə heyətinə göstərilən yüksək qonaqpərvərliyi və aparılan səmərəli müzakirələri məmnunluqla xatırlayıb. Yüksək səviyyəli qarşılıqlı təmasların ölkələrimiz arasında əlaqələrin dinamik və uğurlu inkişafının göstəricisi olduğunu deyən Prezident İlham Əliyev mövcud əlaqələrin səviyyəsinin razılıq doğurduğunu qeyd edib.
Prezident İlham Əliyev səfirin fəaliyyətinin ikitərəfli münasibətlərin gücləndirilməsi işinə öz töhfəsini verəcəyinə əminliyini ifadə edib.
Səfir Nquyen Than Şon Vyetnam Sosialist Respublikasının Prezidenti Truonq Tan Sanqın salamlarını və ən xoş arzularını Prezident İlham Əliyevə çatdırıb.
Nquyen Than Şon ölkəsinin Azərbaycan ilə dostluq və əməkdaşlıq əlaqələrinin gücləndirilməsində və daha da inkişaf etdirilməsində maraqlı olduğunu qeyd etdi. Prezident İlham Əliyevin Vyetnama səfərinin onlarda xoş təəssürat yaratdığını deyən səfir ölkəsində ulu öndər Heydər Əliyevi və onun rəhbərliyi dövründə Azərbaycanın əldə etdiyi uğurları çox gözəl xatırladıqlarını bildirib.
Dövlət başçısı İlham Əliyev Vyetnam Prezidenti Truonq Tan Sanqın salamlarına və ən xoş arzularına görə minnətdarlığını bildirdi, onun da salamlarını Vyetnam Prezidentinə çatdırmağı xahiş edib.
Modern.az