Modern.az

“AMAY” Abdullanın növbəti məhkəmə prosesi keçirilib

“AMAY” Abdullanın növbəti məhkəmə prosesi keçirilib

24 Aprel 2015, 15:01


Aprelin 24-də Bakı Ağır Cinayətlər Məhkəməsində “AMAY” MMC-nin rəhbəri, tanınmış biznesmen Abdulla Abdullayevin işi üzrə proses davam edib.

Vəkil Əkbər Bağırov Modern.az saytına bildirib ki, prosesdə “Xudafərin” MMC-nin işi ilə bağlı zərərçəkən şəxs kimi tanınan 12 nəfər və onların nümayəndələri dindirilib:  

“Məhkəmə zamanı məlum oldu ki, onlar istintaqda dindirilməyiblər, zərərçəkmiş kimi tanınmaları ilə bağlı ayrıca qərar olunmayıb. Həmçinin onların istintaqın yekunu ilə tanış olmadıqları ortaya çıxdı. Amma adları ümumi siyahıda zərəçəkmiş kimi göstərilib. Hesab edirik ki, bu qanunvericliyin tələblərinə ziddir”.  

Vəkil bildirdi ki, Abdulla Abdullayev məhkəmədə qısa olaraq çıxış edib:  

“1918-ci ildə baş verən soyqırımla bağlı 36 cild cinayət işi olub, mənimlə bağlı 80 cild iş düzəldiblər, amma içində heç nə yoxdur. Mən bu ölkədə bir nəfərə də xəyanət etməmişəm. Amma başıma xalta salıb meymun kimi gəzdirirlər. Heyvan kimi dörd divar arasında saxlayırlar. Nə qədər deyirəm ki, danışmayacam, amma dözə bilmirəm. 8 ildir ki, binanın tikilməməsinin səbəbi elə prokurorluqdur”.  

Növbəti məhkəmə prosesi aprelin 27-də keçiriləcək.  

Abdulla Abdullayev ötən il aprelin 4-də tutulub və barəsində həbs qətimkan tədbiri seçilib. Baş Prokurorluq Abdulla Abdullayevi 2006-2008-ci illərdə “Birlikbank” ASC-nin Müşahidə Şurasının sədri postunda çalışarkən Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə kənd təsərrüfatı, eləcə də digər sahələrin inkişafına yönəldilməsi nəzərdə tutulan 3 milyon 397 min manat məbləğində vəsaiti faktiki rəhbəri olduğu “AMAY” MMC-nin Xətai rayonu ərazisində yerləşən binasının təmir-tikinti işlərinə sərf etməkdə günahkar bilir. 

İş adamına Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israf etmə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham irəli sürülüb. 

Abdulla Abdullayev Bakı İstintaq Təcridxanasında saxlanılır.

Sevinc Yasinqızı  
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə