“Hazırda Azərbaycanda fəaliyyət göstərən kifayət qədər teleradio yayımçısı var ki, onların hər biri Qarabağ həqiqətlərini dünyaya çatdırmaq işində öz töhfələrini verir, bu işə həssaslıqla yanaşırlar”.
Bunu Modern.az saytına açıqlamasında Milli Televiziya və Radio Şurasının monitorinq şöbəsinin sədri Təvəkkül Dadaşov deputat Flora Qasımovanın “Qarabağ TV” yaradılması ilə bağlı təklifinə münasibət bildirərkən deyib.
Qurum rəsmisi qeyd edib ki, dövlət büdcəsindən maliyyələşən yayımçılar bu vəzifənin icrası ilə xüsusilə məşğuldurlar:
“Bundan başqa, bildiyiniz kimi, MTRŞ tərəfindən 2013-cü ildə “Caspian İnternational Broadcasting Company” şirkətinə 6 illik lisenziya verilib. Bunun nəticəsində TV peyk vasitəsilə dünyanın müxtəlif ərazilərinə yayımlanır və ölkə həqiqətlərinin, milli mədəni irsimizin, o cümlədən Qarabağ həqiqətlərinin müxtəlif xarici dillərdə dünyaya çatdırılmasına öz töhfəsini verir”.
Təvəkkül Dadaşov bu sahədə hər zaman işlərin görüldüyünü diqqətə çatdırıb:
“Hazırda bu işlərlə məşğul olunur. Lakin ehtiyac olacağı təqdirdə bu istiqamətdə yenə də tədbirlər görüləcək”.
Parlament üzvü Flora Qasımova Modern.az saytına açıqlamasında Qarabağla bağlı ayrıca televiziyanın yaradılmasını təklif edib. Xanım deputat kanalın müxtəlif dillərdə, o cümlədən də erməni dilində yayımlanmasının zəruriliyini vurğulayıb.
Gülşən RAUFQIZI