Tələbə Qəbulu üzrə Dövlət Komitəsi (TQDK) imtahan rəhbərləri və zal nəzarətçilərinin təlimat qaydalarını mənimsəmə səviyyəsinin onlayn qaydada yoxlanılmasına başlayıb.
Komissiyadan Modern.az saytına verilən məlumata görə, imtahan prosesinin idarə olunmasına imtahan rəhbəri və zal nəzarətçisi kimi cəlb olunan şəxslərin seçilməsi, onların üzərinə düşən vəzifələrin yerinə yetirmə bacarığının yoxlanılması, peşəkarlığının artırılması, imtahan təlimatını dərindən mənimsəmələrinə stimullaşdırılması məqsədilə imtahan keçirir.
TQDK-nın rəsmi internet saytı vasitəsi ilə onlayn rejimdə təşkil olunan imtahanda iştirakçılara 35 test tapşırığı təqdim olunur. Sualların cavablandırılmasına vaxt məhdudiyyəti tətbiq edilmir.
Suallar imtahan prosesini əks etdirən təlimatlar əsasında hazırlanıb. İmtahan rəhbərləri və nəzarətçilərin bir daha tanış olmaq imkanlarının olması üçün hər bir imtahan növü üzrə təlimatlar sistemdə yerləşdirilib.
İmtahanda TQDK-nın müvafiq bazasına daxil edilmiş 950 nəfərə yaxın imtahan rəhbəri, 14440 nəfər zal nəzarətçisi iştirak edəcək.
İmtahan rəhbərləri TQDK tərəfindən ali və orta ixtisas təhsili müəssisələrində, müxtəlif dövlət orqanlarında və Azərbaycan Milli Elmlər Akademiyasında pedaqoji və məsul vəzifələri icra edən şəxslər arasından seçilir. Zal nəzarətçiləri isə orta ümumtəhsil müəssisələrindən dəvət olunur.
Yeganə OQTAYQIZI