Sərdar Denktaş sabah atası ilə bağlı kitabın təqdimatında iştirak edəcək
Sabah Atatürk Mərkəzində Azərbaycan Milli Məclisinin üzvü, siyasi elmlər üzrə fəlsəfə doktoru Qənirə Paşayevanın tərtib etdiyi “Rauf Denktaş: həyatı, mübarizəsi, arzusu, ümidi..” adlı kitabın təqdimatı keçiriləcək.
Modern.az-ın məlumatına görə, kitabda türk dünyasının böyük ictimai-siyasi xadimlərindən biri, Quzey Kıprıs Türklərinin lideri, KKTC-nin ilk prezidenti Rauf Denktaşın uşaqlıq və gənclik illəri, onun ada türklərinin haqları uğurunda XX yüzilin ortalarından etibarən başladığı mübarizə, siyasi-diplomatik çalışmaları, barış hərəkatı ilə bağlı fikirləri, xatirələri, KKTC-nin dünəni, bugünü və sabahına yönəlik düşüncələri, Türk Dünyası dəyərləndirmələri ilə bağlı maraqlı bilgilər toplanıb və bu bilgilər vahid sujet xətti üzrə kitablaşdırılıb.
Qeyd edək ki, Q. Paşayeva peşəkar jurnalistlik fəaliyyəti dövründə dəfələrlə Kıprıs adasında olub, bu səfərlər çərçivəsində bir neçə dəfə Rauf Denktaşla görüşüb, ondan geniş müsahibələr götürüb, proqramlar, verlişlər hazırlayıb. Bu kitab nəşrə hazırlanarkən, həmin müsahibələr, proqramlar və verlişlərin ( kitaba həmçinin həmin müsahibələrin indiyədək yayımlanmayan hissələri də daxildir) mətnindən, habelə Rauf Denktaşın xanım Paşayevaya bağışladığı kitablardan istifadə edilib.
“Rauf Denktaş: həyatı, mübarizəsi, arzusu, ümidi...” kitabı cənab Denktaşın “Kıbrıs. Elli yılın hikayesi” adlı kitabının strukturuna uyğun tərtib edilib.
Tətibçi-müəllifi millət vəkili Qənirə Paşayeva olan bu kitabın baş məsləhətçisi Quzey Kıprıs Türk Cümhuriyyətinin Bakı təmsilçisi Zəki Qazioğlu, redaktoru Dünya Gənc Türk Yazarlar Birliyinin başqanı Əkbər Qoşalıdır.
Təqdimat mərasimində Rauf Denktaşın oğlu, Demokrat Partiyasının lideri, KKTC-nin keçmiş Xarici İşlər Naziri Sərdar Denktaş, Türkiyədən və Azərbaycandan olan millət vəkilləri, dipolomatik korpusun nümayəndələri, ictimai-siyasi və mədəniyyət xadimləri, KİV nümayəndələri iştirak edəcəklər.
«Rauf Denktaş: həyatı, mübarizəsi, arzusu, ümidi…» kitabı millət vəkili Qənirə Paşayevanın həyata keçirdiyi “Türk Dünyasını tanıyaq və tanıdaq” layihəsi çərçivəsində hazırlanıb. Bu layihədə məqsəd Türk Dünyasının müxtəlif bölgələrini, tarixini, bu gününü, böyük liderlərini və dahi şəxsiyyətlərini Azərbaycan gəncliyinə, eyni zamanda Azərbaycanın dahi şəxsiyyətlərini, liderlərini də Türk Dünyası başda olmaqla dünyada daha geniş tanıtmaq işinə dəstək göstərməkdir. Layihə çərçivəsində millət vəkilinin Türk Dünyasının böyük liderləri Mustafa Kamal Atatürk və Heydər Əliyev haqqında, eyni zamanda bütün dünyada məhşur olan dahi şəxsiyyətlərimiz Nəsrəddin Tusi, Şəhriyar, Lütfi Zadə, Tahir Salahov haqqında, Türk və Müsəlman qadınlarını dünyada ən yüksək səviyyədə təmsil edən və fəaliyyəti ilə hər yerdə böyük rəğbət qazanan Azərbaycanın Birinci Xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban Əliyeva haqqında və bir sıra böyük şəxsiyyətlər haqqında geniş yazıları Azərbaycanla yanaşı Türkiyə Türkcəsində, rus və ingilis dillərində dünyanın bir sıra ölkələrinin KİV-də, məhşur jurnallarında çap edilib.
Xatırladaq ki, bu layihə çərçivəsində ilin sonunda millət vəkili Qənirə Paşayevanın Azərbaycan xalqının və bütün Türk dünyasının Böyük Liderlərindən olan, Azərbaycanın ümumimilli lideri Heydər Əliyev haqqında tərtib etdiyi kitabının Türkiyə Türkcəsində Türkiyənin müxtəlif bölgələrində və Kıprısda təqdimatı keçiriləcək. Kitabda özünün jurnalistlik fəaliyyəti dövründə prezident Heydər Əliyevi bir çox səfərlərdə müşayiət edən Qənirə Paşayevanın Azərbaycanın ümumimilli lideri ilə bağlı indiyədək işıq üzü görməyən çox maraqlı xatirələri də yer alacaq.
Gələn ilin əvvəlində isə layihə çərçivəsində millət vəkilinin Türk dünyasının böyük liderlərindən biri ATATÜRK haqqında yazdığı və çap olunmuş məqalələri kitab halında işıq üzü görəcək.
Qeyd edək ki, indiyədək “Türk Dünyasını tanıyaq və tanıdaq” layihəsi çərçivəsində millət vəkili Qənirə Paşayevanın Anadoluda İlk Türk paytaxtı-İznik və Osmanlı İmperiyasının ilk paytaxtı Bursa haqqında geniş yazıları və Quzey Kıprıs Türkləri kitabı da Azərbaycan oxucusunun ixtiyarına verilib.
Modern.az