Modern.az

Azərbaycanda “Unibank”ın kapitalı rekord həddə artıb

Azərbaycanda “Unibank”ın kapitalı rekord həddə artıb

29 Sentyabr 2010, 16:58

“Unibank” ilk dəfə olaraq öz kapitalını səhmlərinin nominalının yüksəldilməsi hesabına artıracaq. Belə ki, səhmlərin hər birinin dəyəri 8% artaraq 2 AZN-dən 2,16 AZN-ə çatacaq. Bu qərar Bakıda sentyabrın 24-də növbədənkənar yığıncağ keçirən Bankın səhmdarları tərəfindən qəbul edilib. Məlumatı Modern.az-a bankdan verilib.

Nəticədə, “Unibank”ın kapitalı 3,327 milyon manat artaraq ilk dəfə olaraq 44,919 milyon AZN-ə, ölkənin bank sektorunda ən yaxşı göstəricilərdən birinə çatacaq. Bankın nizamnamə kapitalının onun səhmlərinin nominal dəyərinin yüksəldilməsi vasitəsilə artırılması “Bankların, sığorta və təkrar sığorta şirkətlərinin kapitallaşdırılmasının artırılmasının stimullaşdırılması haqqında” qanunun çərçivəsində yerinə yetirilir. Bu qanun 2009-cu ilin yanvar ayının 1-də qüvvəyə minmişdir və mənfəətin nizamnamə kapitalının artırılmasına yönəldilən hissəsinin 2012-ci ilədək vergidən azad edilməsini nəzərdə tutur.

Qeyd etmək lazımdır ki, bu ilin yayında Bankın nizamnamə kapitalı, hər birinin nominalı 2 AZN olan 5 796 000 ədəd adi adlı sənədsiz səhmin emissiyası yolu ilə, 41,592 milyon AZN-ə qədər artırılmışdı. Onun nəticələri avqust ayının 31-də Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində rəsmi qeydiyyatdan keçirilib.
Bu emissiya, 1993-cü ilin iyul ayının 21-dən başlayaraq, Bankın fəaliyyəti tarixində 16-cı olmuşdur və səhmlərin 2009-cu ilin yazında başa çatdırılıb, ümumi məbləği 15 milyon AZN təşkil edən buraxılışından sonra, ən iri hesab oluna bilər. Xatırladaq ki, 2009-cu ildə Bank, 7,5 milyon ədəd adi adlı sənədsiz səhm buraxmaqla, öz kapitalını ikiqat artırmış və 30 milyon AZN-ə çatdırmışdı. Beləliklə, son 2 il ərzində “Unibank”ın kapitallaşma səviyyəsi demək olar ki 3 dəfə və ya 30 milyon AZN artıb.

“Kapitallaşmanın yeni səviyyəsi bizə biznesin, konkret olaraq kredit portfelinin, həcmini daha inamla artırmaq imkanı verəcək”, - deyə “Unibank” ASC-nin İdarə Heyətinin Sədri Faiq Hüseynov bildirib. Onun fikrincə, kapitalın rekord səviyyədə artımı, ilk növbədə, Banka öz kredit imkanlarını Azərbaycan iqtisadiyyatının ən iri subyektlərinin tələblərinə cavab verə biləcək səviyyəyə qədər artırmaq imkanı verir.
Bundan başqa, F.Hüseynovun hesab edir ki, kapitalın sürətli artımı, heç şübhəsiz, “Unibank”ın maliyyə baxımından dayanıqlılığını əks etdirən amil kimi səciyələndirilməlidir. Onun sözlərinə görə, nizamnamə kapitalının əhəmiyyətli dərəcədə artması bir daha ona şəhadət edir ki, beynəlxalq maliyyə təsisatları daxil olmaqla, “Unibank”ın səhmdarları Bankın inkişaf potensialına inamla baxırlar.
“Səhmdarlar Bankı fəal surətdə dəstəkləməkdə davam edirlər, çünki bizim tərəfimizdən onun inkişafının uzunmüddətli strategiyası işlənib hazırlanıb, bütün biznes-proseslər optimallaşdırılıb, qabaqcıl texnologiyalar tətbiq edilir. Bütün bunlar da Bankda müştəriyə yönümü təmin edir və ən iddialı məqsədlərə nail olmaq üçün binövrə yaradır. Öz növbəsində, kapitalın artırılması bizə böyük həcmdə öhdəliklər qəbul etmək, bazarda mövqeyimizi gücləndirmək və müştərilərimiz üçün maliyyə baxımından daha dayanıqlı tərəf-müqabil olmaq imkanı verir”, - deyə F.Hüseynov fikrini tamamlayıb.


Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə