ARDNŞ daxili imkanları hesabına, eləcə də xarici neft şirkətlərini cəlb etməklə yaxın gələcəkdə Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən bir sıra başqa sahələrdə - Babək, Zəfər, Məşəl və s. axtarış-kəşfiyyat işlərinin aparılmasını planlaşdırır.
Modern.az xəbər verir ki, bu barədə ARDNŞ vitse –prezidenti Xoşbəxt Yüsifzadə bidirib.
Onun sözlərinə görə, “Əsrin müqaviləsi”nin imzalanmasından keçən illər ərzində Azərbaycanın neft sənayesinə xarici şirkətlərin marağı azalmayıb, əksinə daha da artib. Yeni-yeni sazişlər imzalanmaqda davam edir.
27 fevral 2009-cu il tarixində ARDNŞ Fransanın Total və GDF (Qaz de Franse) şirkətləri ilə «Xəzər dənizinin Azərbaycan sektorunda Abşeron dəniz yatağı blokunun kəşfiyyatı, işlənməsi və hailatın pay bölgüsü haqqında» Saziş imzalanıb. Abşeron sahəsində Fransanını Total (layihənin operatoru) və GDF (Qaz de Franse) şirkətləri ilə birlikdə cari ilin IV rübündə axtarış quyusunun qazılmasına başlamaq nəzərdə tutulur. Strukturun şimal qanadında qazılması planlaşdırılan quyunun yerinin seçilməsi üzrə aparılan işlər başa çatıb. Qazılması nəzərdə tutulan quyunun layihə dərinliyi 7130 metr, layihə obyekti isə məhsuldar qatın Qala lay dəstəsidir.
10 mart 2010-cu il tarixində Naxçıvan strukturu üzrə Almaniyanın “Reyn Vestfal Enerji” (RWE) şirkəti ilə Anlaşma Memorandumu imzalanıb. İmzalanmış Anlaşma Memorandumuna uyğun olaraq ARDNŞ, Naxçıvan strukturuna aid geoloji-geofiziki və qazma materiallarının surətlərini “Reyn Vestfal Enerji” (RWE) şirkətinə təqdim edib və hazırda şirkətin mütəxəssisləri materialların tədqiqi ilə məşğuldurlar.
Bu il ARDNŞ BP şirkəti ilə dənizin dərinliyi böyük olan sahədə yerləşən Asiman və Şəfəq strukturları üzrə Anlaşma Memorandum imzalayıb. BP şirkətinin mütəxəssisləri bu sahələrin kəşfiyyatı və işlənməsinə dair öz fikirlərini ARDNŞ-yə təqdim ediblər. Sazişin hazırlanmasına dair ARDNŞ və BP şirkəti arasında danışıqlar davam etdirilir.