Modern.az

İlham Əliyev musiqili fəvvarənin ərazisi ilə tanış olub

İlham Əliyev musiqili fəvvarənin ərazisi ilə tanış olub

30 Sentyabr 2010, 19:03

Prezident İlham Əliyev sentyabrın 30-da Bakının Nizami rayonunda salınması nəzərdə tutulan parkın və burada quraşdırılacaq musiqili fəvvarənin ərazisi ilə tanış olub.

AzərTAc xəbər verir ki, prezident İlham Əliyevin birbaşa təşəbbüsü ilə bir neçə ildir ki, Bakı şəhərində parkların və xiyabanların yenidən qurulması, sakinlərin və paytaxtımıza gələn qonaqların rahatlığı üçün dünya standartlarına uyğun istirahət guşələrinin yaradılması istiqamətində xeyli iş görülüb. Salınan yeni parklar və yaşıllıq zolaqları, əhaliyə xidmət göstərən müasir iaşə obyektləri, bağlarda və xiyabanlarda ən müasir tələblərə cavab verən infrastrukturun yaradılması Bakının dünyanın ən gözəl şəhərlərindən birinə çevrilməsi istiqamətində həyata keçirilən əhəmiyyətli tədbirlərdəndir. Dövlət başçısının tapşırığı ilə Bakının Nizami rayonu ərazisində salınacaq yeni park da paytaxtda həyata keçirilən silsilə abadlıq və quruculuq işlərinin davamıdır.

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov salınacaq yeni parkın ərazisi ilə tanış olan dövlət başçısına məlumat verib. Bildirilib ki, parkda postamenti 10 metr olmaqla 60 metr hündürlüyündə musiqili od fəvvarəsinin inşası nəzərdə tutulur. Qeyd olunub ki, fəvvarənin postamenti yumru təpəcikdən ibarət olacaq. Fəvvarə 500 beton dayaq üzərində qurulacaqdır. Musiqili od fəvvarəsi ABŞ, Almaniya və İngiltərə istehsalı olan büllur və 316 L markalı paslanmayan metaldan hazırlanacaqdır. Tikinti işlərində ABŞ-ın və Almaniyanın “Schott Class”, İngiltərənin “Aspinallis” şirkətləri iştirak edəcək. Büllur işlərini İngiltərənin “Wilkinson pls” şirkəti həyata keçirəcək. Musiqili işıqlandırma işlərini İtaliya mütəxəssisləri yerinə yetirəcək. Musiqili fəvvarə postamentin altında quraşdırılacaq avtomatlaşdırılmış sistem vasitəsilə idarə olunacaq.

Prezident İlham Əliyev ərazi ilə yaxından tanış olub. Dövlət başçısına məlumat verilib ki, parkda, həmçinin dünyanın ən nadir ağac və bitki kollarının əkiləcəyi nəzərdə tutulur. Parkın ərazisinə üç tərəfdən giriş olacaq. Kompleksin ətrafında insanların rahat istirahəti üçün hər cür şərait yaradılacaq.
Ərazi ilə tanışlıqdan sonra prezident İlham Əliyev quraşdırılacaq musiqili od fəvvarəsinin maketinə də baxıb. Daha sonra salınacaq yeni parkın infrastrukturunu, yaşıllıq zolaqlarını, quraşdırılacaq musiqili od fəvvarəsini və əhaliyə göstəriləcək yüksək səviyyəli xidməti əks etdirən filmin nümayişi olub.
Yeni yaradılacaq parkın ərazisi və həyata keçiriləcək işlərlə tanışlıqdan sonra  prezident İlham Əliyev kompleksdə inşaat işlərinin yüksək keyfiyyətlə həyata keçirilməsi ilə bağlı müvafiq göstərişlərini verib.

Whatsapp
Bizə yazın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə