Separatçı Dağlıq Qarabağ rejiminin parlament sədri Aşot Qulyanın ABŞ Konqresində görüşləri ilə bağlı ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili Adam Sterlinq bir müddət əvvəl Azərbaycan Xarici İşlər Nazirliyinə (XİN) dəvət edilib.
XİN-in mətbuat xidmətinin rəhbəri Elxan Poluxovun ANS-ə verdiyi məlumata görə, amerikalı diplomata Azərbaycanın etiraz məktubu təqdim edilib. Ona bildirililib ki, Azərbaycan tərəfi belə hallar baş verdiyi üçün dərin təəssüfünü və qəti etirazını bildirir.
“Belə cəhdlər - işğal olunmuş ərazilərdən hansısa şəxslərin üçüncü ölkələrə səfərinin təşkil edilməsi, xüsusən də, ABŞ-ın həmsədr olduğunu nəzərə alaraq, belə səfərlərin bu ölkəyə təşkil olunması Azərbaycan tərəfinin qəti narazılığı və etirazına səbəb olub. Belə səfərlər ölkələr arasında münasibətlərə kölgə sala bilər”, -deyə notada qeyd olunub.
ABŞ Dövlət Departamentindən isə Azərbaycanın ABŞ-dakı səfirliyinə Aşot Qulyanın səfərinin fərdi qaydada – Ermənistan vətəndaşı olaraq həyata keçirildiyi bildirilib. Cavabda bu səfər zamanı onun heç bir rəsmi görüş keçirmədiyi vurğulanıb. “ABŞ tərəfi Azərbaycan ərazi bütövlüyünü tanıyır”, - deyə Dövlət Departamentinin cavabında bildirilib.