Türkiyə ilə Ermənistan arasında son günlər yenidən alovlanan sərhəd açılımı məsələsinə hər gün yeni münasibətlər ortaya çıxır. Modern.az-ın məlumatına görə türkiyəli biznesmenlər iki ölkə arasında ticarət əlaqələrinin genişlənməsinin sərhədlərin açılmasına müsbət təsir edəcəyini bəyan ediblər. Bu barədə açıqlamanı Türkiyənin Van əyalətinin Sənaye və Ticarət Palatası Şürasının üzvü Ayxan Fidan verib. Onun sözlərinə görə Ermənistan Van vilayətindən kafel və apelsin ixrac edəcək. A.Fidanın fikrincə bu sərhədlərin açılması istiqamətində ilk addım ola bilər.
«Nə qədər tez ticarət əlaqələrini yoluna qoysaq, o qədər tez də sərhədləri aça bilərik» - A.Fidan belə bildirib. Hələlik kafel Ermənistana Gürcüstan vasitəsi ilə gətiriləcək. Bu isə öz növbəsində qiymətlərdə müəyyən artımla müşahidə ediləcək. A.Fidan Ermənistanla sərhəd açılımının ermənilərə daha sərfəli olduğunu bildirib: “Ermənistanın əhalisi 3,5 milyon, Türkiyəninki isə 75 milyondur. Sərhədlərin açılması erməni biznesmenləri üçün bazarda geniş imkanlar yaradacaq”.
Modern.az