Modern.az

AŞPA Nazirlər Komitısinin sədri: “Qarabağ münaqişəsi ilə xüsusi mandatı olan ATƏT-in Minsk qrupu məşğul olur”

AŞPA Nazirlər Komitısinin sədri: “Qarabağ münaqişəsi ilə xüsusi mandatı olan ATƏT-in Minsk qrupu məşğul olur”

5 Oktyabr 2010, 10:32

Dünən Avropa Şurası Parlament Assambleyasının (AŞPA) payız sessiyasında Nazirlər Komitəsinin fəaliyyətdə olan sədri, Makedoniyanın xarici işlər naziri Antonio Miloşoski deputatların ona ünvanladıqları yazılı və şifahi sorğuya cavab verib. 

Modern.az saytı AzərTAca istinadən bildirir ki, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Rafael Hüseynov sədrə “Avropanın gələcəyi onun bütövləşməsində, dövlətlərin bir-birinə daha artıq yaxınlaşmasında, sərhədlərin daha şəffaf olmasındadır. Amma bu yaxınlaşmanın təməl şərtlərindən ilkini dövlətlərin bir-birinin ərazi bütövlüyünə və sərhədlərin toxunulmazlığına hörmətlə yanaşmasıdır.
Avropa Şurasına (AŞ) üzv dövlətlər arasında həmin ali prinsipi nümayşkaranə şəkildə pozan dövlətlər varsa, bu, Avropanın gələcəyinə açıq qəsd deyilmi? Nazirlər Komitəsi belə arzuolunmaz vəziyyəti aradan qaldırmaq üçün öz səlahiyyətləri çərçivəsində hansı qəti addımlar ata bilər?” sualını ünvanlayıb. 

Antonio Miloşoski bildirib ki, dövlətlərin ərazi bütövlüyü Avropa Şurası üçün ən ali prinsipdir:

“Bu baxımdan AŞ həmin prinsipin istər üzv dövlətlər arasında, istərsə də ümumiyyətlə dünyada tam bərqərar olmasının tərəfdarıdır. Biz AŞ üzvlərinin birinin digərinin ərazisini hər hansı şəkildə zəbt etməsi, ərazi bütövlüyünü, sərhəd toxunulmazlığını pozmasını heç vəchlə qəbul etmirik.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi AŞ-nin daim diqqət mərkəzində olan məsələdir. Biz bu problemin diplomatik vasitələrlə, sülh yolu ilə həllinin tərəfdarıyıq. Amma bu istiqamətdə irəliləyişlər də var. Bu irəliləyişlər böyük deyil, addım-addımdır. Amma əsas odur ki, bu proses var və biz arzu edirik ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi öz müsbət həllini tapsın”.

Nümayəndə heyətimizin digər üzvü Qənirə Paşayeva isə sədrə ünvanladığı sualda deyib ki, Avropa Şurasının üzvü olan Ermənistan 17 ildən artıqdır ki, digər üzv dövlətin - Azərbaycanın 20 faizdən artıq ərazisini zəbt edib, bir milyondan çox azərbaycanlını öz doğma torpaqlarından didərgin salıb. Qaçqın və köçkün vəziyyətində yaşayan bu insanların hüquqları pozulub. Avropa Şurası bu istiqamətdə hansı konkret addımlar ata bilər ki, problem tez həll edilsin? 

Nazirlər Komitəsinin sədri sualın cavabında bildirib ki, azərbaycanlıların bu məsələyə həssaslığını başa düşür: “Nazirlər Komitəsi dəfələrlə bu məsələni qaldırıb. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsi ilə xüsusi mandatı olan ATƏT-in Minsk qrupu məşğul olur. Biz də öz tərəfimizdən maraqlıyıq ki, problem sülh yolu ilə həll olunsun. Nazirlər Komitəsi də öz imkanları çərçivəsində münaqişənin tezliklə həll edilməsi töhfəsini verməyə hazırdır”. 

Modern.az  

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə