Modern.az

Minsk Qrupunun həmsədri Xankəndinə Ermənistandan getmələrinin səbəbini açıqlayıb

 Minsk Qrupunun həmsədri Xankəndinə Ermənistandan getmələrinin səbəbini açıqlayıb

5 Oktyabr 2010, 11:59

"İki gün ərzində Bakıda səfərdə olacaq ATƏT-in faktaraşdırıcı missiyası bir sıra rəsmi görüşlər keçirməyi nəzərdə tutub”. Modern.az saytı xəbər verir ki, ATƏT-in Minsk qrupunun Fransadan olan həmsədri Bernar Fasye bu barədə bildirib.

Həmsədr qeyd edib ki, onların missiyası bu gün başlayır: “İlk olaraq bu gün xarici işlər naziri Elmar Məmmədyarov, daha sonra nazirliyin ekspertləri, həmçinin Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin nümayəndələri ilə görüşəcəyik. Sabah isə prezident İlham Əliyevlə görüşüb dərhal İrəvana yola düşəcəyik. Ermənistana çatan kimi Serj Sərkisyanla da görüşəcəyik. Ayın 7-də isə Xankəndiyə yola düşəcəyik. Və oradan hər gün növbəli şəkildə rayonlara səfər edəcəyik. Hava şəraitindən asılı olaraq missiyamızı oktyabrın 13-də və yaxud 14-də yekunlaşdırmağı planlaşdırırıq”.

Diplomat qeyd edib ki, bu cür missiyanın həyata keçirilməsi vacib məsələdir: “Regionda həyata keçirilən əvvəlki missiya 2005-ci ilin fevral ayında baş tutub. Bu missiyanın üstündən 5 ildən artıq vaxt keçib. Biz rayonlardakı vəziyyəti 5 il əvvəlki ilə müqayisə edəcəyik”.

Həmsədr faktaraşdırıcı missiyanın işğal olunmuş ərazilərə niyə Azərbacan tərəfdən yox, məhz Ermənistan ərazilərindən gedəcəyinə də aydınlıq gətirib: “Regiona son səfərimizdə cəbhə xəttini Azərbaycan tərəfdən keçməyimiz son 9 ildə ilk dəfədir ki, baş tutdu. Yadınızdadırsa, ötən il prezidentlər arasında çox sayda görüşlər oldu. Bu il isə danışıqlar bir qədər çətin gedir. Buna baxmayaraq, biz göstərməyə calışdıq ki, cəbhə xəttində dəmir pərdə olmamalıdır. Həmsədrlər bütün marşrutlardan istifadə edə bilirlər. Sonuncu səfərimizdə Azərbaycan tərəfdən cəbhə xəttini keçdik. Bu dəfə isə missiyamızda müxtəlif ekspertlər olacaq. Ona görə də hesab edirik ki, Ermənistan tərəfdən keçməyimiz daha rahat olar. Necə ki, 5 il əvvəlki missiya zamanı olmuşdu. Lakin demək istəyirəm ki, Dağlıq Qarabağa Azərbaycan tərəfdən getməyimiz sonuncu dəfə deyil. Və növbəti dəfə bunun şahidi olmaq ücün 9 il gözləmək lazım olmayacaq”.

Fransalı diplomat dekabr ayında Astanada keçiriləcək ATƏT-in sammiti çərçivəsində Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşmək ehtimalına da toxunun və bildirib ki, dekabradək hələ iki ay var: “Orada həmçinin hər iki ölkənin prezidenti də olacaq. Hər hansı bir görüşün keçirilib-keçirilməyəcəyinə dair fikir söyləmək hələ tezdir”.

Qeyd edək ki, bu gün ATƏT-in Minsk qrupu həmsədrlərinin regiona növbəti səfəri başlayıb.  

Modern.az
 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə