Hakim Yeni Azərbaycan Partiyasından 81 saylı Beyləqan seçki dairəsi üzrə vahid namizəd, Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun sədri Ayaz Orucov YAP-ın rəsmi saytına müsahibə verib.
A.Orucov bildirib ki, Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun (MKSİF) maliyyələşmə mənbələri sırasında əsas donor kimi Dünya Bankı xüsusi yer tutur.
- Qeyd etmək istərdim ki, MKSİF-in əsas fəaliyyəti Dövlət Neft Fondunun maliyyələşdirdiyi dövlət proqramları ilə bağlı olduğundan Azərbaycan Respublikası Prezidentinin Fərmanları və Sərəncamlarına uyğun olaraq 2001-ci ildən etibarən ölkədəki çadır düşərgələrində və digər uzunmüddətli yaşayış üçün yararlı sayılmayan yerlərdə məskunlaşmış məcburi köçkünlər üçün yeni qəsəbələrinin tikintisinə də böyük diqqət ayırıb. Bu istiqamətdə mühüm işlər görülüb, yeni qəsəbələrin tikintisinə başlanılıb. Ümumiyyətlə, bu günə kimi qaçqınlar və məcburi köçkünlər üçün Ağdam, Ağcabədi, Biləsuvar, Füzuli, Sabirabad, Abşeron, Goranboy, Göygöl, Qəbələ, Yevlax rayonları və Bakı şəhəri ərazisində 64 qəsəbə (zəruri sosial-texniki infrastrukturla) salınmışdır ki, bunların da 50-si MKSİF tərəfindən tikilmişdir. Həmin qəsəbələrdə də 20 minə yaxın köçkün ailəsi məskunlaşmışdır.
Ayaz Orucov hazırda inşa edilən tikililər haqqında da danışıb.
- Hazırda MKSİF tərəfindən fin tipli evlərdən ibarət düşərgələrdə və uzunmüddətli yaşayış üçün yararsız olan digər obyektlərdə müvəqqəti olaraq yerləşdirilmiş məcburi köçkünlər üçün yeni qəsəbələrin və məhəllələrin salınması ilə bağlı müvafiq işlər davam etdirilməkdədir.
Yevlax şəhərinin ərazisində 612 məcburi köçkün ailəsi üçün hündürmərtəbəli yaşayış binalarından ibarət məhəllənin bütün zəruri sosial-texniki infrastrukturu (drenaj şəbəkəsi, içməli su, elektrik, qaz və istilik təchizatı, yol və abadlıq işləri, 440 şagird yerlik məktəb, 50 yerlik uşaq bağçası, klub-icma mərkəzi, inzibati bina və s.) ilə birlikdə istifadəyə verilməsi üçün müvafiq tamamlama işləri yekunlaşmaq ərəfəsindədir.
Ağdam rayonu, Quzanlı bələdiyyəsi ərazisində 689 məcburi köçkün ailəsi üçün fərdi yaşayış evlərindən ibarət qəsəbənin tikintisi bütün zəruri sosial-texniki infrastrukturu ilə birlikdə artıq başa çatmış, son tamamlama işləri davam etdirilir.
Naftalan şəhəri, Naftalan Sanatoriya- Kurort birliyinə məxsus sanatoriyalarda müvəqqəti məskunlaşmış 688 məcburi köçkün ailəsi (I növbədə 164 ailə) üçün 5 mərtəbəli yaşayış binalarından ibarət məhəllənin (3 ədəd 5 mərtəbəli yaşayış binası bütün zəruri-texniki infrastrukturu ilə birlikdə) tikintisi başa çatmış, artıq son tamamlama işlərinə başlanılmışdır. Eyni zamanda, Mingəçevir şəhəri ərazisində 502 məcburi köçkün ailəsi üçün hündürmərtəbəli yaşayış binalarından ibarət yeni yaşayış məhəlləsinin, Şəki rayonu ərazisində 423, İmişli rayonu ərazisində 983, Ağcabədi rayonu ərazisində 552 məcburi köçkün ailəsi üçün bütün zəruri sosial-texniki infrastrukturu olan yeni qəsəbələrin və eləcə də Ağcabədi rayonu ərazisində 556 məcburi köçkün ailəsi üçün hündürmərtəbəli yaşayış binalarından ibarət olan yeni məhəllənin layihə-smeta sənədlərinin hazırlanması, Dövlət Baş Ekspertiza idarəsindən bu layihələr üçün müvafiq rəylərin alınması istiqamətində lazımi işlər davam etdirilir.
Bakı və Sumqayıt şəhərlərində, həmçinin Abşeron rayonunun Pirəkəşkül qəsəbəsi ərazisində hərbi şəhərciklərdə müvəqqəti məskunlaşmış, ümumi sayı 1410 olan məcburi köçkün ailəsi üçün hündürmərtəbəli yaşayış binalarından ibarət yeni mikrorayonun salınması nəzərdə tutulmuşdur. Bu məqsədlə Qaradağ rayonu Müşviq qəsəbəsinin yaxınlığındakı yaşayış evlərinə bitişik ərazidə 22,0 ha torpaq sahəsi ayrılmış, layihə sənədlərinin hazırlanması üçün müvafiq texniki şərtlər alınmış və inşaat pasportu hazırlanmışdır. Həmçinin, Bakı şəhərində əsasən təhsil müəssisələrinin balansında olan yataqxanalarda müvəqqəti məskunlaşmış 758 məcburi köçkün ailəsinin köçürülməsi ilə əlaqədar Abşeron rayonu, Masazır qəsəbəsinin yaxınlığında ayrılmış 12,0 ha torpaq sahəsində hündürmərtəbəli yaşayış binalarından ibarət yeni məhəllənin layihə-smeta sənədlərinin hazırlanması üçün müvafiq təşkilatlardan texniki şərtlər alınmış və inşaat pasportunun alınması istiqamətində işlər aparılır.
Modern.az