Modern.az

Azərbaycan yazıçısı: "Xaricdəki səfirlərimizdən heç biri Eldar Həsənov kimi işləmir"

Azərbaycan yazıçısı: "Xaricdəki səfirlərimizdən heç biri Eldar Həsənov kimi işləmir"

5 Oktyabr 2010, 17:15

Bu gün Rumıniyanın Azərbaycandakı səfirliyində Azərbaycanın bu ölkədəki səfiri, hüquq elmləri doktoru Eldar Həsənovun «Slavyan dənizindəki latın adasında» kitabının təqdimat mərasimi olub.
Xatırladaq ki, kitabda Eldar Həsənov oxuculara Rumıniyanın mövcud gerçəklikləri, onun tarixi keçmişi, müasir həyatı, zəngin mədəniyyəti, görkəmli adamları haqqında ətraflı məlumat verir. Eyni zamanda iki ölkə arasında günü-gündən genişlənən dostluq və əməkdaşlıq münasibətlərindən bəhs edir.

Modern.az xəbər verir ki, mərasimi açan Rumıniyanın Azərbaycandakı səfiri Nikolae Ureki bildirib ki, bu nəşrin onlar üçün əhəmiyyəti böyükdür: «Bu, mənim yaxın dostum və həmkarım Eldar Həsənovun növbəti kitablarından biridir. Kitab həm də rumın dilidə də çap olunub. Eldar Həsənov 10 illik fəaliyyəti, Rumıniya ilə bağlı gördüyü işləri bu kitab vasitəsilə bizə təqdim edir. Kitabda Həsənovun 10 illik fəaliyyəti zamanı gündəliyində olan qeydləri əksini tapıb. Diplomat oxucularına Rumıniya barədə həqiqətləri çatdırır. Hər bir diplomatın doğrunu söyləmək vəzifəsidir. Amma diplomat bunu diplomatik tərzdə həyata keçirir. Bu isə mühüm məqamdır».

Səfir deyib ki, yeni nəşrdə hər şey var. Oxucu burada rumın xalqı, iki ölkənin dostluğu barədə istədiyini tapa bilər. Ureki deyib ki, səfir Həsənov 10 il ərzində rumın xalqı barədə həqiqətləri əldə etməyə, rumın dilini öyrənməyə müvəffəq olub.
«Mən 7 ilə yaxındır Azərbaycandayam, amma hələ dilinizi öyrənə bilməmişəm. Gələn ilin martında diplomatk fəaliyyətimin 7 ili tamam olacaq, bəlkə ona kimi az da olsa Azərbaycan dilini öyrənə bildim. Azəbaycan dilini bilmək ölkə barədə biliklər toplama üçün çox vacibdir».

Səfir deyib ki, Eldar Həsənov adı böyük hərflə yazılan diplomatlardandır. «Bu kitab Rumıniyanın dostu tərəfindən yazılıb. Şadam ki, Azərbaycanın belə yüksək səviyyəli diplomatı var».

Rumıniya-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Mahir Qarayev isə bildirib ki Eldar Həsənov hüquq sahəsində böyük mütəxəsis olmaqla yanaşı, ədəbiyyata, mədəniyyətə də həmişə böyük maraq göstərib.
«Eldar müəllim ilk dəfədir ki, bədii publisistik sahəsində qələmini sınayıb və bu çox uğurlu alınıb. Kitabda Azərbaycanla Rumıniya arasında bütün sahələrdə əməkdaşlıq öz əksini  tapıb. Eldar müəllim daha çox mədəni layihələrə üstünlük verib».

M.Qarayev xatırladıb ki, Rumıniya dünyada  Azərbaycanın müstəqilliyini Türkiyədən sonra tanıyan ikinci, Avropa ölkələri arasında isə birinci dövlətdir.
«Bu da rəsmi Buxarestin ölkəmizə olan münasibətini göstərir. Son illər iki dövlətin prezidentlərinin qarşılıqlı səfərləri olub. Azərbaycan prezidentinin ötən il Rumıniyaya səfəri zamanı iki ölkə arasında strateji əməkdaşlıq barədə saziş imzalandı. Bu da münasibətlərin daha da inkişafına rəvac verdi».

M.Qarayev deyib ki, səfir Həsənov Rumıniyadakı 10 illik fəaliyyəti ərzində Azərbaycan ədəbiyyatının, mədəniyyətinin bu ölkədə tanıdılması istiqamətində böyük işlər görüb. «İslam aləminin müqəddəs kitabı olan «Quran», türk dünyasının qədim yazılı abidəsi olan «Kitabi-Dədə-Qorqud», Füzulinin «Leyli və Məcnun»nu, müasirlərdən Bəxtiyar Vahabzadənin əsərləri, Anarın «Ağ qoç, qara qoç»romanı, Çingiz Abdullayevin romanları, Rəşad Məcidin «10 sentyabr»hekayəsi rumın dilinə tərcümə olunub».

Eldar Həsənovun həm də Serbiyada səfir kimi Azərbaycanı təmsil etdiyini  bildirən M.Qarayev əlavə edib ki, bu ölkədə də Azərbaycanın tanıdılması üçün layihələr həyata keçirilir. Serbcə-azərbaycanca lüğət çapa hazılanır. Eləcə də Cəlil Məmmədquluzadənin «Ölülər» və Rəsul Rzanın «Rənglər» poetik silsiləsi serb dilinə tərcümə olunmaqdadır. Məqsəd isə mədəniyyətimizi, ədəbiyyatımızı bu ölkələrdə tanıtmaqdır.

Akademik Bəkir Nəbiyev «Slavyan dənizindəki latın adasında»əsərinin həqiqətən maraqlı və gözəl əsər olduğunu vurğulayıb. Deyib ki, son illər Azərbaycanın xarici dövlətlərdəki diplomatları çox güclənib, bu da öz bəhrəsini verməkdədir. «Artıq xarici ölkələrdə Azərbaycanı tanıyır, onun mədəniyyətini sevirlər. Bu işdə də diplomatlarımızın rolu danılmazdır. Səfir diplomatik keyfiyyətlərə malik olmaqla yanaşı, həm də ziyalı olmalıdır. Eldar Həsənov da bu keyfiyyətlərə malik diplomatdır».

O deyib ki, Rumıniyanın taleyində Azəbaycanla səsləşən məqamlar var və Həsənov bu məqamlardan nümunələr gətirir. Bir sözlə, bu kitabla səfir Həsənov Rumıniyanı Azərbaycan oxucusu üçün kəşf edib, Rumıniyaya məhəbbət pəncərəsi açıb.

Azərbaycan Yazıçılar Birliyinin sədri Anar isə deyib ki, ən çətin vəzifə səfir olmaqdır: «Səfir dövlətin simasıdır, Eldar Həsənov ideal səfirdir. Daha yüksək vəzifələrə layiqdir. Bu kitabı onun bütün keyfiyyətlərini təsdiq edən sənəd də adlandırmaq olar. Səfirin əsas vəzifəsi xalqın siyasi maraqlarını üstün tutmaq və ondan ayrılmadan mədəniyyəti təbliğ etməkdir. Mədəniyyətin gördüyü işi siyasət görə bilmir. Ona görə Eldar Həsənov siyasi fəaliyyətlə yanaşı mədəniyyəti təbliğ edir. Onun işi həqiqətən bütün başqa səfirlərə örnəkdir».

Kitabla tanış olarkən üç cəhəti müəyyən etdiyini deyən Anar həmin cəhətləri də sadalayıb: «Birincisi, Eldar Həsənov burda öz biblioqrfiyasını verib, ikincisi, Azərbaycan mədəniyyəti barədə bilgi verir, sonuncu cəhət isə Rumıniyaya olan sevgidir. Səfirlər çalışdıqları ölkələrdə müvəqqəti yaşayırlar. Amma o müddətə həmin ölkəyə bağlanmasalar, deməli, fəaliyyət yarımçıq olub. Bu kitabda isə Rumıniyaya, Azərbaycana böyük sevgi var. Mən Eldar Həsənovu bu münasibətlə təbrik edirəm».

Yazıçılar Birliyinin katibi Çingiz Abdullayev isə deyib ki, Azərbaycanın xarici ölkələrdəki səfirlərinin demək olar hamısını tanıyır:
«Amma onların heç biri Eldar Həsənov kimi işləmir. Bunu da həmişə hər yerdə deyirəm. Həsənovun gördüyü işlərin yarısını başqa səfirlərimiz etsəydi, Avropada Azərbaycanı çox yaxşı tanıyardılar».
Abdullayev deyib ki, serb dili dörd ölkədə işlədilir. Bu isə o deməkdir ki, Azərbaycan ədəbiyyat nümunələrinin serb dilində nəşri bir çox ölkələrdə oxunacaq. Ç.Abdullayev Rumıniyada səfir Həsənova böyük hörmətin olduğunu da deyib. O səfir Həsənovun Yazıçılar Birliyinə üzv seçilməsini də təklif edib: «Yazıçılar Birliyinin 1400 üzvü var. Onların 10-15 nəfəri Eldar Həsənovun işinin yarısını görsəydi, gələcəyimiz çox parlaq olardı».

Azərbaycan-Rumıniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri deputat Azay Quliyevin köməkçisi Şahin Nəbiyev də çıxış edərək iki ölkə arasında müxtəılif sahələr üzrə əməkdaşlığn inkişafı üçün ölkə başçısı İlham Əliyevin, səfir Eldar Həsənovun əməyini yüksək qiymətləndirib. Ş.Nəbiyev «Slavyan dənizindəki latın adasında» kitabının böyük maraq doğurduğunu qeyd edib.

Xalq yazıçısı Nəriman Həsənzadə də kitab barədə müsbət fikirlərini səsləndirib, onun müəllifin bu janrda yazdığı ilk kitab kimi maraq doğurduğunu söyləyib.


Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə